Bakıda qadını maşınla vuraraq qaçan şəxs saxlanılıb
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıblar.
1news.az xəbər verir ki, məlumata görə, paytaxtın hüquq-mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nizami rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin üstü “isti izlər”lə açılıb.
Belə ki, iyunun 7-də saat 01 radələrində Nizami rayonu, Babək prospekti 75 saylı evin qarşısında şəxsiyyəti məlum olmayan sürücü idarə etdiyi avtomobillə yolu keçən naməlum qadını vuraraq hadisə yerindən qaçmış, nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin 1978-ci il təvəllüdlü, Bakı şəhər sakini Yakuşev Vadim Mixayloviç tərəfindən, idarə etdiyi “BMV 520” markalı 90-UU-748 dövlət nömrə nişanlı avtomobillə törədilməsi müəyyən edilib.
Cinayətin V.Yakuşev tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilməklə zəruzi istintaq tədbirləri davam etdirilir.
1news.az