Nyu Yorkda küçələrdən birinə müvəqqəti olaraq Məhəmməd Əlinin adı verildi
Nyu Yorkun yerli hakimiyyəti şəhər küçələrindən birinə bu yaxınlarda vəfat etmiş əfsanəvi boksçu Məhəmməd Əlinin adını verib.
Şəhərin meri Bill de Blazio 33-cü Uest strit küçəsinin adının müvəqqəti dəyişdirilərək Məhəmməd Əli adlandırıldığını bildirib. Elə bu küçədə M.Əlinin heç də az döyüş keçirmədiyi, o cümlədən 1971-ci ildə rinqdə Co Freyzerlə qarşılaşdığı “Medison Skver Qarden” idman sarayı yerləşir.
B.Blazio qeyd edib: “Məhəmməd Əli bizim şəhərin mərkəzi küçələrindən birinə onun adının verilməsinə layiqdir”.
Küçənin adı bu qərarın Şəhər Şurası tərəfindən bəyənilməsindən sonra birdəfəlik dəyişdirilə bilər.
Xatırladaq ki, Əli Finiks şəhərinin xəstəxanalarından birində 74 yaşında vəfat edib. Xəstəxanaya ağciyərlərində problemi olduğu üçün yerləşdirilib. Boksçunu iyunun 10-da doğma şəhəri Luisvilldə dəfn edəcəklər.
Kp.ru