Bakı zooparkında adı “Qırmızı kitab”a düşmüş müxtəlif növ heyvanlar bəslənilir - FOTO
Paytaxt sakinləri və şəhərimizin qonaqlarının maraqlı əyləncəsi üçün çoxsaylı görməli məkanlar arasında Bakı Heyvanat Parkının da özünəməxsus yeri var.
1news.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, fərqli heyvan və quşların qorunduğu bu ünvan neçə on illərdir insanlara Azərbaycan faunasının nadir rast gəlinən örnəkləri nümayiş etdirilir.
Hər bir heyvanat parkının öz simvolu olduğu kimi, Bakı Heyvanat Parkının da öz simvolu var – bu, flaminqo quşlarıdır.
Heyvanat parkının direktoru Azər Hüseynov bildirir ki, burada heyvanların yaşaması və artımı üçün hər cür şərait mövcuddur. Onun sözlərinə görə, heyvanat parkı nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin canlı genofondunu yaratmaq, onları saxlamaq və artırmaq kimi vacib vəzifəni yerinə yetirir:
“Burada Azərbaycanın faunasına aid heyvanlarla yanaşı, dünyanın müxtəlif iqlim qurşaqları üçün xas olan heyvanların genofondu da toplanılıb. Heyvanat parkında nəsli kəsilməkdə olan, adı “Qırmızı kitab”a düşmüş müxtəlif növ heyvanlar bəslənilir. Parkda ümumilikdə 150 növdən çox, 1200-ə yaxın irili-xırdalı, yırtıcı heyvanlardan tutmuş balıqlaradək canlılar yaşayır”.
A.Hüseynov deyir ki, parkda olan bir cüt Qafqaz incə maralının da sayı artmaqdadır:
“Bu cins marallar 8 il öncə parkımıza gətirilib. Marallar bu ilin mayında daha iki bala veriblər. Bununla da onların sayı 9-a çatıb. Bundan başqa, parkımıza 1999-cu ildə İrandan gətirilmiş şir, həmçinin parkda saxlanılan dəvə, kenqurular da bala verib. Ana kenqurulardan biri qəfildən öldü və biz onun balasını əlimizdə böyütdük. İnsan qayğısı ilə böyüyən bu heyvan tam əhliləşib. Onu da deyim ki, sayı artan bəzi heyvanların, xüsusilə də Qafqaz incə maralının təbiətə buraxılması haqqında düşünürük”.
“Gələn il Bakı Heyvanat Parkının 75 ili tamam olur. Bizə dəstək göstərilərsə bu yubiley tədbirini beynəlxalq konfransla qeyd etmək istəyirik. Belə bir tədbirin keçirilməsi ölkəmizdə heyvanat aləminin qorunmasına, heyvan növlərinin artırılmasına, eyni zamanda təcrübə mübadiləsinin aparılmasına öz töhfəsini verə bilər”, - A.Hüseynov bildirib.
Qeyd edək ki, Bakı Heyvanat Parkı 2 yanvar 1942-ci ildə yaradılıb. Bakıda ilk zoopark isə 1928-ci ildə keçmiş Lunaçarski adına bağda (indiki Nizami parkı) kiçik guşə şəklində təşkil edilib. Sonralar zoopark müxtəlif ərazilərə köçürülür və nəhayət, indiki məkana gəlib çıxır. Hazırda 4 hektardan çox ərazini əhatə edən Bakı Heyvanat Parkı 1995-ci ildən Avrasiya Regional Zooparklar Assosiasiyasının üzvüdür.
1news.az