AZAL Rusiyadan 10 ədəd “МS-21” sərnişin təyyarəsi alacaq - FOTO
Rusiyanın lizinq şirkəti “İlyuşin finans” ilə “Azərbaycan Hava Yolları” QSC (AZAL) arasında 10 ədəd “МS-21” təyyarələrinin alışı ilə bağlı memorandum imzalanıb.
1news.az “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, müqaviləni Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin və Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.
Bundan başqa, müqaviləni “İlyuşin Finans Ko” MMC-nin baş direktoru Aleksandr Rubçov və AZAL prezidenti Cahangir Əsgərov imzalayıb.
“Müqavilənin müddəti 28 fevral 2017-ci ilə kimidir və düşünürəm ki, bu zamana qədər müqavilənin bütün detallarını müzakirə etməliyik”, - deyə C.Əsgərov bildirib.
AZAL prezidenti əlavə edib ki, təyyarələrin hansı qiymətə alınması, nə cür güzəştlər etmək mümkündür və s. detallar dəqiqləşdirilməlidir.
“Biz Bakıda təlim mərkəzinin açmağı da istisna etmirik”, - deyə A.Rubçov qeyd edib.
Qeyd edək ki, hal-hazırda “МS-21” sərnişin təyyarəsi “İrkut” şirkətində yığılır. Təyyarələr 2018-ci ilin 4-cü rübündə Azərbaycana göndəriləcək.
1news.az