Şirkət nümayəndəsi: “Azercell” ləğv olunmur
“Azercell Telekom” MMC öz fəaliyyətini olduğu şəkildə tam gücü ilə davam etdirir.
1news.az-ın məlumatına görə bunu “Azercell”in korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya bəzi saytlarda “Azercell”in ləğv ediləcəyi ilə bağlı yer alan xəbərlərə münasibət bildirərkən deyib.
“Bəzi xəbər saytları tərəfindən dərc olunan yazıların heç bir əsası yoxdur. Ölkənin aparıcı mobil operatoru olan “Azercell Telekom” 4.5 milyonluq abünəçi ailəsinə ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərir və 20 il ərzində olduğu kimi tam gücü ilə bazarda öz lider mövqeyini qoruyub saxlamaqdadır.
Hazırda “Azercell Telekom”a qarşı davam edən heç bir təhqiqat işi mövcud deyil, İsveç prokurorluğu “Bloomberg” agentliyinin istinad etdiyi Azərbaycana dair təhqiqat işini bu yaxınlarda bağlı elan etdi.
Bundan basqa 01 iyun 2016-ci il tarixindən qüvvəyə minən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, “Azercell Telekom” MMC-nin mövcud Lisenziyaları qeyri-məhdud müddətə uzadılmış hesab edilir”- deyə, şirkət rəsmisi qeyd edib.
1news.az