Səlim Müslümov Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor Səlim Müslümov Beynəlxalq Mühəndislik Akademiyası Prezidentlər Şurasının qərarı ilə Akademiyanın həqiqi üzvü seçilib.
1news.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla əlaqədar Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti Əhəd Canəhmədov Beynəlxalq Mühəndislik Akademiyasının diplomunu Səlim Müslümova təqdim edib.
Əhəd Canəhmədov bildirib ki, iqtisad elminə töhfələrinə, elmi nailiyyətlərin sosial-iqtisadi sferada səmərəli tətbiqində xidmətlərinə görə iqtisad elmləri doktoru, professor Səlim Müslümovun Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilməsi barədə qərar qəbul olunub.
Səlim Müslümov sosial-iqtisadi sistemlərin səmərəliliyinin artırılması üçün islahatların məhz elmi yanaşmalar əsasında aparılmasının vacibliyini qeyd edib, ölkəmizin bu günkü inkişaf modelinin də elmi əsaslara söykəndiyini vurğulayıb. Nüfuzlu beynəlxalq elmi qurumlardan olan Beynəlxalq Mühəndislik Akademiyası tərəfindən göstərilən diqqətə və etimada görə minnətdarlığını bildirən Səlim Müslümov elmi fəaliyyətini qarşıdakı dövrdə də uğurla davam etdirmək əzmində olduğunu bildirib.
Beynəlxalq Mühəndislik Akademiyası 1992-ci ildə təşkil olunub. Mərkəzi ofisi Moskva şəhərində yerləşən Akademiya tərkibində ayrı-ayrı dövlətlərin prezident və hökumət başçılarını, görkəmli alimləri, ictimai xadimləri, böyük elmi və sənaye qurumlarının rəhbərlərini birləşdirir. 2005-ci ildə yaradılan Azərbaycan Mühəndislik Akademiyası ilə Beynəlxalq Mühəndislik Akademiyası arasında fəal əməkdaşlıq həyata keçirilir.
1news.az