Yol Polisi “Formula-1” yarışı ilə əlaqədar sürücülərə müraciət edib
“Formula-1” yarışı ilə əlaqədar iyunun 13-də saat 24:00–dan avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Bakıda ilk dəfə təşkil olunacaq “Formula-1” Avropa Qran-prisinin yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə paytaxtın mərkəzi küçə və prospektlərində iyunun 13-də saat 24:00–dan etibarən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov 1news.az-a bildirib ki, Azadlıq meydanından başlayaraq, A.Puşkin, Xəqani, Bülbül, Əziz Əliyev, Qoşa Qala qapısı, İstiqlaliyyət, Niyazi küçələri, Azneft dairəsi, Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə bitişən, kəsişən yol ayrıcları, yol qovşaqlarına məhdudiyyət tətbiq olunur. Yarış marşrutunun əhatə etdiyi çevrə daxilindən kənar yollara çıxmaq üçün cənub tərəfdən – Ələt-Astara-Salyan yolunun 14-cü kilometrliyindən 20-ci sahə, Bayıl qəsəbələri, Bayraq meydanı, eləcə də Cavanşir körpüsü ətrafından cənuba doğru gedən sürücülərin diqqətinə çatdırılır ki, alternativ variant olaraq, Afiyəddin Cəlilov–Yusif Səfərov, Yusif Səfərov–28 May küçələri kəsişməsindən, 10-cu zavod dairəsindən, eləcə də Nobel prospektinin Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsindən, Səməd Vurğun və Bülbül küçələrindən Fizuli küçəsi ilə kəsişən hissəsində istiqamət dəyişilir.
Hərəkət iştirakçılarına qeyd edilən istiqamətlər üzrə genişləndirilən iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri tövsiyə olunur. Bakı şəhər halqası trek boyunca yarışların keçirildiyi küçə və prospektlərdə, meydan və dairələrdə nəqliyyat sıxlığının, tıxacların yaranmaması, hərəkət iştirakçılarının rahat və fasiləsiz təhlükəsizliyinin təmin olunması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.
Məlumatda hərəkət iştirakçılarından A.Puşkin, Xəqani, Zərifə Əliyeva, Əziz Əliyev və İstiqlaliyyət küçələrinin, Bülbül və Neftçilər prospektlərinin trekə düşən hissələrində avtomobilləri saxlamamaq xahiş olunur. Əks halda trek boyunca nəzərdə tutulmayan yerlərdə park edilən avtomobillərin ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırılması ilə bağlı yol polisi lazimi tədbirlər görəcək.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi “Formula-1” Avropa Qran-pri yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə yollarda təhlükəsizliyin təmin edilməsi üçün hər bir avtomobil sahibini “Avtomobilsiz 7 gün” devizi altında həyata keçirilən kampaniyaya qoşulmağa çağırır.
1news.az