Gənclərə multikulturalizmlə bağlı araşdırma yolları izah edilib – FOTO
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi (QDİİB) Bakı Slavyan Universitetində gənclər üçün “Jurnalistika ixtisasına yiyələnmək istəyən gənclərin yeni mediada multikulturalizmlə bağlı bilgiləndirilməsi” mövzusunda təlim keçirib.
1news.az-ın məlumatına görə, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ilə keçirilən təlimin iştirakçıları müxtəlif universitetlərin bu mövzuda yazılar və sosial şəbəkələrdə statuslarla çıxış edən tələbələri, həmçinin mediada jurnalistik məqalələrlə çıxış edən və jurnalistika ixtisası üzrə təhsil alan gənc mütəxəssislər olub.
Bundan başqa, tədbirdə qonaq qismində media nümayəndələri və multikulturalizm sahəsi üzrə mütəxəssislər də iştirak ediblər.
Təlimi giriş sözü ilə açan QDİİB sədri İlkin Ağayev bildirib ki, sosial və internet mediada gənclərin aktivlik göstəriciləri ildən ilə artır: “Bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu baxımdan, gənclərin multikulturalizm məsələləri ilə bağlı maarifləndirilməsi, Azərbaycan multikulturalizmi və dövlətin bu yöndə həyata keçirdiyi siyasətlə bağlı ətraflı bilgiləndirilməsi, sosial və internet mediada aktiv gənclərin bu yöndə öz töhfələrini daha yaxşı bir şəkildə verməsinə yardımçı ola bilər”.
Multikulturalizm üzrə ekspert, araşdırmaçı-jurnalist Niyaz Niftiyev isə gənclərə multikultualizmin mahiyyəti, tarixi, Azərbaycanda mövcudluq özəllikləri, bu sahədə aparılan tədqiqatlar, həmçinin yazılan yazılar və araşdırma üsulları barəsində ətraflı məlumat verib.
N.Niftiyev, müəllifi olduğu multikulturalizmlə bağlı bir neçə kitabı da təlim iştirakçılarına hədiyyə edib.
Daha sonra təlimçi, yeni media üzrə ekspert Xaqani Səfəroğlu gənclər üçün qeyd edilən mövzuda təlimə başlayıb.
Təlimdə yeni media və internetdə multikulturalizmin təbliği, düzgün təqdimi və ona xələl gətirən informasiyalar, onların mahiyyəti gənclərə başa salınıb, “KİV haqqında” qanunların müvafiq bəndləri və bu barədə dünya praktikası aşılanıb.
İki günlük təlimin sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.
1news.az