Mərkəzi Bank maliyyə maarifləndirməsi istiqamətində tədbirləri davam etdirir
Azərbaycan Mərkəzi Bankı (AMB)maliyyə maarifləndirməsi istiqamətində tədbirləri davam etdirir.
1news.az-a AMB-dən verilən xəbərə görə, ənənəvi tədbirlərdən olan məktəblərə səfərlər cari ilin aprel-iyun ayları ərzində layihənin əsas tərəfdaşı olan Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu ilə birlikdə Bakı və Biləsuvar şəhərlərində təşkil edilib.
Belə ki, bu müddət ərzində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində, Bakı şəhərində isə 284, 210, 90, 111, 182, 217, 320, 108, 189-190, 182, 14 nömrəli tam orta məktəblərdə 450 nəfər şagirdə müxtəlif maraqlı seminarlar keçirilib.
Seminar iştirakçılarına şəxsi maliyyənin idarə edilməsi və istehlakçı büdcəsinin hazırlanması, yığım mədəniyyəti və onun formalaşması, pulun tarixi, pul emissiyası, zədələnmiş pullar, kredit və əmanət haqqında məlumatlar verilib, milli pul nişanlarına dair maarifləndirici animasiyalar nümayiş etdirilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb. Mövzuların hədəf qruplarına lazımi səviyyədə çatdırılması məqsədilə seminarlar interaktiv şəkildə qurulmuş, maarifləndirici oyunlar və əyani vəsaitlərlə dəstəklənib. Sonda sual-cavab formatlı müsabiqələr həyata keçirilərək qaliblərə hədiyyələr təqdim olunub.
Əhalinin maliyyə maarifləndirilməsinə xüsusi önəm verən Mərkəzi Bank növbəti dərs ilində də bu istiqamətdə tədbirlərin təşkilini nəzərdə tutur.
1news.az