Əbülfəs Qarayev TÜSİAB-ın nümayəndə heyəti ilə görüşüb – FOTO
İyunun 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Türk Sənayesi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) üzvləri ilə görüşüb.
1news.az-a nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə TÜSİAB-ın idarə heyətinin sədri Cəlil Polat, təşkilatın katibi Ufuk Aydın, idarə heyətinin üzvləri Mehmet Əli Uğur və Mehmet Akbıyık iştirak edib.
Nümayəndə heyətini salamlayan Əbülfəs Qarayev ölkəmizin qardaş Türkiyə Cümhuriyyəti ilə bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb.
Eyni zamanda turizm sahəsində əlaqələrin daha da genişləndirilməsinin vacibliyi haqqında danışdı:
“İki qardaş ölkə arasında əməkdaşlıq münasibətləri yüksək səviyyədədir. Türkiyə dünya ölkələri arasında inkişaf etmiş turizm sahəsi ilə öz yerini tutmuşdur. Bu sahədə qarşılıqlı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi bizim üçün də faydalı olub. Ötən illər ərzində Türkiyənin təcrübəsindən geniş yararlanaraq ölkəmizdə turizm infrastrukturunu daha da inkişaf etdirmişik”.
Əbülfəs Qarayev turizm sənayesinin Azərbaycan iqtisadiyyatında prioritet istiqamətlərdən olduğunu qeyd etdi, son illər bu sahədə böyük irəliləyişə nail olunduğunu bildirdi:
“Ölkəmizin zəngin mədəniyyəti, tarixi, əsrarəngiz təbiəti və xalqımızın yüksək qonaqpərvərliyi Azərbaycanda turizmin inkişafı üçün böyük imkanlar açır. Bu istiqamətdə işləri davam etdiririk. Azərbaycan xaricdən daha çox turistin qəbul edilməsi üçün vacib addımlar atır”.
Nazir iki ölkə arasında qarşılıqlı turist səfərlərinin artırılması üçün bir sıra vacib addımlardan danışdı, bu əlaqələrin inkişafının bundan sonra da yüksələn xətlə davam edəcəyinə əminliyini ifadə etdi.
TÜSİAB-ın idarə heyətinin sədri Cəlil Polat təşkilatın Azərbaycanda fəaliyyəti haqqında ətraflı məlumat verdi. Bildirdi ki, TÜSİAB Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının inkişafına öz töhfəsini layiqincə verib və bu sahədə işlər uğurla davam etdirilir. Qeyd olundu ki, 1994-cü ildən fəaliyyət göstərən qurum bu günədək Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan artıq sərmayə qoyub.
C.Polat həmçinin Türkiyə iş adamlarının Azərbaycanın turizm sənayesinə də investisiya qoymaqda maraqlı olduğunu diqqətə çatdırdı.
Bu sahədə əlaqələrin daha da inkişaf etdirilməsini yüksək qimətləndirən Əbülfəs Qarayev qarşılıqlı görüşlərin keçirilməsi və investisiya yatırılacaq turizm növlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, hazırda Azərbaycan turizm sənayesinin daha da inkişafı üçün 2 və 3 ulduzlu hotellərin tikilməsi kimi məslələlər gündəmdədir.
Görüş turizm sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi ilə davam etdi.
1news.az