Macarıstanda Azərbaycan rəssamlarının əsərlərinin sərgisi keçirilib
21-26 iyun tarixləri arasında Budapeştdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi keçirilmişdir.
Azərbaycanın Macarıstandakı Səfirliyinin 1news.az-a verdiyi məlumata əsasən, səfirliyin dəstəyi və bu ölkədə fəaliyyət göstərən Macar-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi “Rənglərin səyahəti: Bakı-Budapeşt” adlı layihə çərçivəsində reallaşdırılmışdır.
Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Vilayət Quliyev, Macar-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva və İctimai Birliyin sədri Şəhla Nağıyeva çıxış etmişlər.
Milli rəssamlıq sənətinin min illik tarixə malik miniatür ənənələrinə əsaslandığını qeyd edən səfir V.Quliyev, təxminən son 150 il ərzində peşəkar Azərbaycan rəssamlığının böyük inkişaf yolu keçdiyini, rəssamlarımızın öz əsərləri ilə dünya miqyasına çıxdıqlarını, əsərlərində Şərq və Qərb ənənələrini məharətlə sintez etdirdiklərini bildirmişdir. Auditoriya iştirakçılarına Macarıstanla Azərbaycan arasındakı mədəni əlaqələr barəsində məlumat verən səfir, son bir neçə ildə Budapeştdə Azərbaycan mədəniyyətinin təbliği və tanıdılmasına dair onlarla tədbir keçirildiyini söyləmişdir.
Macar-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva, Cəmiyyətin tarixi, bu günə kimi həyata keçirdiyi layihələr barədə ətraflı danışmış və “Rənglərin səyahəti: Bakı-Budapeşt” adı altında keçirilən tədbirin məqsədi barəsində iştirakçıları məlumatlandırmışdır. Onun sözlərinə görə, belə layihələrin keçirilməsi macar xalqına ölkəmizin şanlı tarixi, zəngin mədəni irsi ilə yaxından tanış olmaq imkanı verir, iki ölkə arasında mədəni əlaqələrin daha da inkişafına şərait yaradır. S.Abdullayeva, rəhbərlik etdiyi Cəmiyyət tərəfindən Azərbaycan mədəniyyətinin və incəsənətinin tanıdılması istiqamətində mövcud fəaliyyətin bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir.
İctimai Birliyinin sədri Şəhla Nağıyeva layihənin məramı haqqında söhbət açaraq, qonaqları Azərbaycan mədəniyyəti və incəsənəti ilə, eləcə də sərgidə təqdim olunan kitab və broşüralar vasitəsi ilə bütövlükdə ölkəmizlə yaxından tanış olmağa çağırmışdır.
Sərginin açılış mərasimində Azərbaycan rəssamları, macar sənətsevərlər, diplomatik korpus nümayəndələri, Macarıstandakı Azərbaycan diasporunun üzvləri və azərbaycanlı tələbələr iştirak etmişlər.
Bundan əvvəl Avropanın bir sıra mühüm mədəniyyət mərkəzlərində nümayiş etdirilmiş müxtəlif janrlı əsərlər ilk gündən böyük tamaşaçı marağı qazanmışdır.
1news.az