Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir - FOTO
Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr dəmir yolu əsaslı təmir olunur.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 1news.az-a verdiyi məlumata əsasən, Dəliməmmədli-Kürəkçay mənzilində 5 kilometr yolun əsaslı təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək.
Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Eyni zamanda, Hacıqabul-Pirsaat mənzilində də 5 kilometr yol əsaslı təmir olunur. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq hər iki mənzildə köhnə yolun söküntüsü başa çatıb. Əsaslı təmir işləri bir həftə davam edəcək.
Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin ikinci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Yeni layihənin icrasına keçən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 115 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.
1news.az