İyunun 25-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı
İyunun 25-də orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb.
1news.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) verilən xəbərə görə, imtahanın nəticələri iyun ayının 27-də saat 14:49-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmiş hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənmək olar.
İmtahanlar Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.
9-cu sinif üzrə məlumatlar
Buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi (inşa) yerinə yetirmişlər. İmtahanın ümumi müddəti iki saat müəyyən edilmiş, test tapşırıqlarının yerinə yetirilməsinə 1,5 saat, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.
İmtahanda iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib. 2 nəfər qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirtməyə cəhd, sual kitabçaları və cavab kartlarının dəyişdirilməsi, nizam-intizam qaydalarının pozulması) imtahandan xaric edilib, 1 nəfərin isə sual kitabçası və cavab kartını imtahan binasından çıxartmağa cəhd göstərdiyi üçün imtahan nəticələri ləğv olunub. İştirakçılardan 103 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.
11-ci sinif üzrə məlumatlar
XI sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil/kimya fənləri üzrə keçirilmişdir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilmişdir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirmişlər. İmtahanın ümumi müddəti 2 saat 45 dəqiqə müəyyən edilmiş, test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.
İmtahanda iştirakı nəzərdə tutulan 24679 şagirddən 289 nəfəri imtahana gəlməyib. 21 nəfər qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirtməyə cəhd, sual kitabçaları və cavab kartlarının dəyişdirilməsi, nizam-intizam qaydalarının pozulması) imtahandan xaric edilib. İştirakçılardan 154 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.
1news.az