Vüqar Bayramov: Hərraclarda dollara olan tələbin ən yaxşı halda 20 faizi ödənilir
Valyuta bazarımızda dolların möhkəmlənməsi üçün tam iqtisadi zəmin var. Xarici valyutaya tələb yüksək olaraq qalmaqdadır.
1news.az-ın verdiyi xəbərə görə, bunu iqtisadçı Vüqar Bayramov rəsmi Facebook səhifəsində son vaxtlar dollara nisbətdə manatın məzənnəsinin azalmasına münasibət bildirərkən deyib.
“İndi hərraclarda dollara olan tələbin ən yaxşı halda 20 faizi ödənilir. Deməli, dollar almaq üçün verilən sifarişin böyük əksəriyyətini Mərkəzi Bank və Dövlət Neft Fondu təmin edə bilmir. Bu isə davamlı olaraq manatın dəyər itirməsinə səbəb olur”.
Mərkəzi Bankın öz xarici valyuta rezervlərini qorumaq üçün hərraca satıcı kimi qatılmaqda maraqlı olmadığını deyən iqtisadçı ekspertin sözlərinə görə, bu, uzun müddət davam edə bilməz:
“Dövlət Neft Fondunun 2016-cı ildə ümumi xərci 10 milyard 668 milyon manat olacaq. Fond büdcəyə 7 milyard 615 milyon manat transfer edəcək. Deməli, manatla olan öhdəliklərini nəzərə aldıqda fondun il ərzində dollara olan tələbi tək və tam ödəyə bilməz. Mərkəzi Bank bütün hallarda yenidən öz valyuta ehtiyatlarını bazara çıxarmalıdır. Bu isə dollara olan tələbi ödəməyə yardım etsə də rezervlərin azalması fonunda manata psixoloji təzyiqi artıracaq”.
Mövcud tələb-təklifi və Mərkəzi Bankın manevr imkanlarını nəzərə aldıqda dolların valyuta bazarında möhkəmlənməkdə davam edəcəyini deyən V.Bayramov bildirib ki, hazırda bütün iqtisadi qanunauyğunluqlar dolların güclənməsini şərtləndirir. Bu isə o deməkdir ki, dollar manata nisbətən dəyər qazanmaqda davam edəcək.
1news.az