Qazax və ətraf rayonlardan olan 65 sahibkara 8 milyon manat güzəştli kredit verilib
İyunun 30-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qazax rayonunun Qazaxbəyli kəndində işgüzar forum keçirib.
1news.az-ın məlumatına görə, işgüzar forumun keçirilməsində məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Qazaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
Forumda Qazax və ətraf rayonlardan olan 65 sahibkara 8 milyon manat güzəştli kredit verib.
Kreditlər, əsasən, heyvandarlıq, çörək və un məmulatları, tikinti materialları, sönmüş əhəng, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 400-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Doxsana yaxın sahibkarın iştirak etdiyi forumda Qazax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market", kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının (o cümlədən balın sənaye üsulu ilə emalı müəssisəsinin), ət kəsimi və pendir istehsalı müəssisələrinin və 3 ulduz otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin bütün hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib ki, 2016-cı ilin ötən dövrü ərzində 1252 sahibkara 71,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Qeyd edilib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5914 investisiya layihəsinin maliyyələşdirilməsinə 220,7 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, süfrə sularının, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
Forum çərçivəsində Qazax rayonunun Daş Salahlı kəndində güzəştli kredit ayrılmış və ildə 91 min ton sönmüş əhəng istehsal etmək gücündə olan zavodun tikinti işlərinə baxış keçirilib. Zavod fəaliyyətə başlayanda burada 350 nəfər işçi çalışacaq.
1news.az