Türkiyə İncirlik aviabazasını Rusiyaya aça bilər - VIDEO
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gözlənilməz açıqlama verib.
1news.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata əsasən, Çavuşoğlu İŞİD-in hamının düşməni olduğunu bildirib:“Rusiya ilə İncirlik aviabazası ilə bağlı niyə əməkdaşlıq etməyək ki?”
Bundan əlavə diplomat Türkiyə və Rusiya prezidentlərinin iyulun sonu və ya avqust ayının əvvəlində görüşəcəyini bildirib.
“Çox güman ki iyulun sonu və ya avqustun əvvəli dövlət başçılarının görüşü olacaq. Bu görüşün hazırlıqlarını biz həmkarlarımızla birgə həyata keçirəcəyik. İqtisadi sahə ilə bağlı addımlar atılacaq, qərarlar veriləcək. Enerji sahəsi ilə bağlı olaraq iki ölkənin nazirlərinin görüşü gözlənilir”, - deyə, Çavuşoğlu əlavə edib.
Türkiyə XİN-nin rəhbəri rusiyalı həmkarı Sergey Lavrovu Antalyaya dəvət etdiyini də bildirib.
“Biz İŞİD-ə qarşı hər kəslə əməkdaşlıq edərik. Başından bəri mübarizə aparırıq və bildiyiniz kimi bu mübarizəyə fəal şəkildə qatılmaq istəyənlər üçün İncirlik aviabazasının qapıları açıqdır. Rusiya ilə bu cür əməkdaşlıq niyə etməyək ki? Çünki bu terror qruplaşması hamımızın düşmənidir və ona qarşı mübarizə aparmalıyıq”, - deyə, diplomat qeyd edib.
1news.az