Türkiyənin baş naziri: Bu gecə küçələrə çıxan hər kəsin əllərdindən öpürəm
Türkiyənin baş naziri Binəli Yıldırım bəyanatla çıxış edib.
1news.az-ın verdiyi məlumata əsasən, həmin çıxış Türkiyə telekanalları tərəfindən canlı olaraq yayımlanıb.
Baş nazirinin sözlərinə görə, çevrilişə cəhd zamanı 161 nəfər həlak olub, 1440 nəfər yaralanıb, qanuni hakimiyyətin bərpasına yönəlmiş əməliyyat zamanı, çevrilişdə iştirak etmiş 2839 hərbçi tutulub.
B.Yıldırım bu gecə baş verən hadisəni “Türkiyə demokratiyasına ləkə yaxmaq cəhdi” adlandırıb.
“Çevrilişə “Yox!” demək üçün küçələrə çıxan və əllərində bayraq tutan hər bir insanın əllərindən öpürəm. Demokratiyanın müdafiəsi naminə canından keçən hər bir kəsə görə kədərlənirəm. Bu gün tarixə demokratiya bayramı kimi yazılacaq”, - deyə o qeyd edib.
B.Yıldırım sözlərinə görə, bu hadisə Türkiyənin Baş Qərargahının iqtidara qarşı üsyan etməsi anlamına gəlməməlidir.
“Söhbət hərbi komandanlığa sızmış parallel terrorçu strukturlar tərəfindən həyata keçirilmək istənilən çevriliş cəhdindən gedir. Onlar hamısı həbs olunub və cəzalandırılacaqlar.
Bu insanlar anlamalıdırlar ki, ulu türk xalqının iradəsi ilə oynamaq olmaz. Bu gün insanlara atəş açan, helikopter və təyyarələrdən şəhərləri atəşə tutanlar, PKK-dan daha betərdir”, - deyərək, Binəli Yıldırım KİV-lərə hadisələrinin obyektiv işıqlandırılması və vətənpərvərlik göstərdikləri üçün təşəkkür edib.
Sonda, baş nazir vətəndaşları bütün işlərin bitməsindən sonra küçələrə və meydanlara çıxmağa çağırıb.
Onun sözlərinə görə, bugün Türkiyə məclisinin toplantısı keçiriləcək.
“Çevrilişin hər bir iştirakçısı cinayətkardır və qanun qarşısında cavab verəcəklər. Onlardan heç biri artıq general deyil”, - deyə B.Yıldırım əlavə edib.
1news.az