Avstraliyalı senator Bək Kristofer Con: “Azərbaycandakı səsvermə prosesi bizim üçün nümunə ola bilər”
Sentyabrın 27-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avstraliya İttifaqının nümayəndə heyəti ilə görüşüb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, görüşdə sədr Milli Məclisdə Avstraliya İttifaqı parlamentinin hər iki palatasından, eyni zamanda, Qərbi Avstraliya parlamentindən olan deputat həmkarlarını və nümayəndə heyətinin digər üzvlərini salamlamaqdan məmnunluq duyduğunu bildirib.
Qeyd edib ki, bu səfər ölkəmiz üçün əlamətdar olan hadisə ilə bağlıdır. Dünən Azərbaycanın Əsas Qanununda dəyişikliklər etmək üçün referendum keçirildi. Bu ümumxalq səsverməsinin baş tutması və uğurla keçirilməsi ölkəmizdə demokratik ənənələrin və təsisatların daha da möhkəmlənməsi baxımından əlamətdardır. Dövlət quruculuğunun təkmilləşdirilməsi istiqamətində atılan bu addım ölkədə ilk dəfə vitse-prezidentlik institutunun təsis edilməsini də nəzərdə tutur. Referendumun nəticələri Azərbaycan xalqının gələcəyi baxımından əhəmiyyətli olacaq.
Söhbət zamanı O.Əsədov 2015-ci ilin noyabrında Milli Məclisə keçirilmiş seçkiləri də müşahidə etmək üçün Avstraliya parlamentindən nümayəndələrin iştirak etdiyini xatırlayıb. Qeyd edilib ki, bu günədək ölkələrimiz arasında bir sənəd imzalanıb, üçü üzərində isə iş davam etdirilir. Əlaqələrimizin sürətli inkişafı göz önündədir. Parlamentlər səviyyəsində münasibətlərimiz günbəgün möhkəmlənir. Heç də təsadüfi deyil ki, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunda Milli Məclisin 17 deputatı təmsil olunub. Gələcəkdə iqtisadi münasibətlərimiz də siyasi əməkdaşlığımızın səviyyəsinə cavab verəcək.
Diqqətə çatdırılıb ki, Azərbaycan neft-qaz ölkəsi kimi tanınıb. Təqdirəlayiq haldır ki, Avstraliyanın “Vorley Parsons” şirkəti də iri qaz layihəsinin reallaşmasında iştirak edir. Birinci Avropa Oyunları ərəfəsində bu ölkənin şirkətləri infrastruktur işlərinə texniki dəstək göstəriblər. Azərbaycan da öz növbəsində Avstraliyanın qiymətli kağızlar bazarına investisiya qoyuluşunda iştirak edir. Gələcəkdə bu ölkə ilə iqtisadi-ticari əlaqələrimizin həcmi ümumi məqsədlərimiz naminə daha böyük olacaq.
Avstraliya nümayəndə heyətinin başçısı, senator B.K.Con ölkəmizə səfər çərçivəsində gördüklərindən məmnun qaldıqlarını söyləyib. Bildirilib ki, onlar Azərbaycanda keçirilən referendumu yaxından izləyib və bu prosesin gedişini çox yüksək dəyərləndiriblər. Bu sahədə Azərbaycanın təcrübəsini öyrənməyə ehtiyac var. Çünki səsvermə prosesi Azərbaycanda daha təkmil təşkil olunub. Seçici siyahıları, veb-kameralardan istifadə - bütün bunlar təqdirəlayiqdir. Bu işlər Azərbaycanda Avstraliyadakından daha yaxşı qurulub. Ona görə də Azərbaycandakı səsvermə prosesi bizim üçün nümunə ola bilər.
Görüşdə iqtisadi əlaqələrin inkişafından söz açan qonaq deyib ki, təkcə neft-qaz sahəsində deyil, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq üçün geniş imkanlar var.
1news.az