Zakir Həsənov silah və hərbi texnikanın istismarının qış rejiminə keçirilməsi ilə əlaqədar tapşırıq verib - FOTO
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin bütün hərbi hissə və bölmələrində silah və hərbi texnikanın istismarının qış rejiminə keçirilməsi ilə əlaqədar tapşırıq verib.
1news.az Müdafiə Nazirliyinin (MN) saytına istinadən xəbər verir ki, silah və texnikanın qış aylarında fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib.
Hərbi hissələrdə fəaliyyətə başlayan texniki xidmət məntəqələrində silahlanmada olan bütün döyüş və xüsusi texnikaların yanacaq-sürtkü materialları dəyişdirilir, filtr və aqreqatlara planlı şəkildə qulluq göstərilir, elektrik və hidravlik sistemləri yoxlanılır.
Nəzərdə tutulan fəaliyyətlər müəyyən edilmiş müddətdə başa çatdıqdan sonra silah və hərbi texnikanın hər bir nümunəsinin təhlili aparılaraq nəticələri barədə yuxarı komandanlığa məruzə olunacaq.
Bütün növ silah və texnikanın qış rejimində istismara hazırlığı ilə əlaqədar görülən tədbirlər hərbi hissələrin döyüş qabiliyyətinin artırılmasına hesablanıb.
1news.az