Ərdoğan Mosul əməliyyatından danışdı: “Sünni-şiə qarşıdurmasına “hə” deməyəcəyik”
Türkiyənin iştirak etmədiyi əməliyyatın nəticəsindən biz cavabdeh deyilik. Əməliyyatda da, masa arxasında da olacağıq.
1news.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumatına əsasən, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İraqda həyata keçirilən Mosul əməliyyatı ilə bağlı danışarkən deyib.
İstanbulda keçirilən Beynəlxalq hüquq konqresi çərçivəsində çıxış edən qardaş ölkənin prezidenti Türkiyənin qərargah rəisinin ABŞ-da olduğunu bildirib.
“Məhz indi Mosul əməliyyatı başlayıb. Özlərinə dedik. Baxın, Türkiyənin olmadığı əməliyyatın nəticələrinə görə cavabdeh olmayacağıq. Əməliyyatda da, masa arxasında da olacağıq. Bunun xaricində qalmağımız mümkün deyil. Çünki bizim üçün burada bir tarix var”, - deyə dövlət başçısı davam edib.
Onun sözlərinə görə, hazırda Mosulda Türkiyə xalqının qardaşları var.
“Ərəblər, türkmanlar, kürdlər - orada bizim qardaşlarımız var. Eyni şəkildə, şimala doğru irəlilədikcə sərhəddə qohum-əqrəba var. Bizim burada qətiyyən laqeyd qalmağımız mümkün deyil. Kimsə bizim Başikadan çıxmağımızı gözləməsin. Biz oradayıq, bu günədək İŞİD-ə qarşı hər cür əməliyyat həyata keçirmişik və davam edirik.
Ölkəmizin israrla Mosul əməliyyatı xaricində tutulması cəhdləri, İŞİD bəhanəsi ilə orada qurulmaya çalışılan məzhəb qarşıdurması tələsini pozacağımızdan agah olmaları səbəbindəndir. Biz bir sünni-şiə qarşıdurmasına “hə” deyə bilmərik”, - deyə R.T.Ərdoğan vurğulayıb.
1news.az