İraq Mosuldakı neft yataqlarını ələ keçirib
İraqın hökumət qüvvələri Mosul şəhərinin cənub-şərqində yerləşən Həmdaniyyə rayonuna daxil olub.
Hazırda şəhərdən 10 kilometr məsafədə yerləşən Həmdaniyyədə İŞİD qruplaşması ilə hökumət qüvvələri arasında gərgin döyüşlər davam edir.
İŞİD qruplaşması əhalisinin əksəriyyətini xristianların təşkil etdiyi Həmdaniyyə rayonunu 2 ildən çox idi ki, nəzarətdə saxlayırdı.
Euronews telekanalının yaydığı son məlumata görə, artıq Mosul yaxınlığındakı 20 yaşayış məntəqəsi yaraqlılardan geri alınıb. İŞİD qruplaşması üzvlərinin Mosulu tərk edərək Suriyanın Rakka şəhərinə qaçdıqları barədə də məlumatlar yayılmaqdadır.
Oktyabrın 17-də səhər İraqın hökumət qoşunları və polis dəstələri, həmçinin kürdlərdən təşkil olunmuş “Peşmərgə” və şiə könüllüləri ABŞ-ın başçılıq etdiyi koalisiya aviasiyasının dəstəyi ilə Mosul şəhərinə geniş miqyaslı hücuma başlayıb. Əməliyyatlara Türkiyə aviasiyasının da cəlb olunduğu bildirilir.
Gazeta.ru