“Neftçi” bəyənat yaydı
“Neftçi” “Kəpəz”lə qarşılaşmada baş verən xoşagəlməz hadisə ilə bağlı bəyanat yayıb.
1news.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Topaz Premyer Liqasının XIII turu çərçivəsində dünən baş tutan qarşılaşmada baş verənlərə münasibət bildirib.
Bəyanatda qeyd edilib ki, Gəncə şəhər stadionunda keçirilən qarşılaşmanın əvvəlində “Neftçi”nin rəsmiləri, eləcə də futbolçuları VİP-lojadan kənarlaşdırılıb:
“Bildiririk ki, “Kəpəz” PFK tərəfindən çempionatın əsasnamə şərtləri və iki klub arasındakı rəsmi razılaşma sənədinin bəndləri kobud şəkildə pozulmuşdur. 2016/17-ci il futbol mövsümündə Topaz Premyer Liqası və I Divizion klubları üçün Azərbaycan çempionatının və Azərbaycan Kuboku uğrunda yarışların əsasnaməsini ("Yarışların yeri” bəndi) rəhbər tutaraq bildiririk ki, meydan sahibi klub aşağıda sadalanan şərtləri təmin etməyə borcludur:
Komandanın oyunçuları üçün kifayət qədər rahat mebel (stul, stol, massaj çarpayısı, asılqan, güzgü, tibb kuşetkası və s.), futbol meydançasının maketi, isti suyu olan duşlarla təchiz olunmuş paltardəyişmə otağı;
Komandaların rəhbərləri və oyunçular üçün yerlər;
Bununla yanaşı, “Neftçi” PFK 24.11.2016-cı il tarixdə “Kəpəz” PFK-ya məktub ünvanlayaraq, klub rəhbərliyi üçün SKY BOX və VİP sektorlarda 25 yerin ayrılmasını istəmişdir. “Kəpəz” PFK tərəfindən 25.11.2016-cı il tarixində klubumuza cavab məktubu ünvanlanmış və “Neftçi” PFK üçün SKY BOX və VİP sektorlarda yerlərin ayrılacağı bildirilmişdir (hər iki məktub bəyanata əlavə edilib).
“Neftçi” PFK olaraq gələcək oyunlarda oxşar halların yaşanmaması üçün zəruri addımların atılmasını tələb edirik”.
Qeyd edək ki, “Kəpəz” – “Neftçi” görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.
1news.az