Türkiyədə qətlə yetirilən səfirin cənazəsi Rusiyaya göndərilib
Dünən Türkiyədə qətlə yetirilən Rusiya səfiri Andrey Karlovun cənazəsi təyyarə ilə Rusiyaya göndərilib.
1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı Ankaranın Esenboğa hava limanında mərasim keçirilib.
Mərasimdə Türkiyə baş nazirinin müavini Toğrul Türkeş, daxili işlər naziri Süleyman Soylu, deputatlar, xarici ölkələrin səfirləri, o cümlədən A. Karlovun ailə üzvləri iştirak ediblər. Rusiya bayrağına sarılmış tabut əsgərlər tərəfindən mərasim məkanına gətirilib.
Sayğı duruşundan sonra ilk olaraq Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov çıxış edib. F. Bağırov Azərbaycan dövlətinin, Xarici İşlər Nazirliyinin başsağlığını çatdırıb: “Bu hadisə terrorun üzünü göstərir. Rusiya Xarici İşlər Nazirliyindəki bütün həmkarlarımıza dərin başsağlığımızı bildiririk. Andrey Karlova qarşı törədilmiş terror aktı Rusiya və Türkiyə arasında terrorizmə qarşı mübarizədə əməkdaşlığı və birgə səyləri gücləndirməlidir. Biz əminin ki, bu terror aktı araşdırılacaq”.
T. Türkeş A. Karlovun şəxsində Türkiyənin bir dostunu itirdiyini bildirib: “Andrey Karlovun Türkiyə-Rusiya münasibətlərinin gərgin olduğu bir dövrdə səfir olub, münasibətlərin normallaşması üçün səylər göstərib. Andrey Karlov artıq Rusiya-Türkiyə dostluğunun əbədi rəmzi olub. Rusiya və Türkiyəni qarşı-qarşıya gətirmək istəyənlər istəklərinə çatmayacaq. Rusiya-Türkiyə dostluğu hər zamankı kimi güclüdür. Dost Rusiya dövlətinin, xalqının başı sağ olsun”.
Sonra xristian din xadimləri dua oxuyub. Ailə üzvləri vidalaşdıqdan sonra cənazə təyyarə ilə Rusiyaya yola salınıb.
Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri A. Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.
1news.az