PAŞA Bank “Euromoney” beynəlxalq forumunda iştirak edib
Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank Vyana şəhərində Mərkəzi və Şərqi Avropanın beynəlxalq investisiya-bank forumunda iştirak edib. Tədbirin təşkilatçısı işgüzar “Euromoney” nəşri olub.
Bu il Forumun işində 1000 nəfərdən artıq bankir, investor, maliyyə sahəsində dövlət tənzimləmə qurumlarının rəhbərləri və ekspertləri iştirak edib. Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq maliyyə institutlarının nümayəndələri, “Raiffeisen Bank”, “UniCredit”, “J.P. Morgan”, “Citi”nin top-menecerləri ilə yanaşı, tədbirin spikeri qismində PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov da iştirak edib.
Müxtəlif mövzulu diskussiya panelləri zamanı Forumun iştirakçıları iqtisadiyyatın həm regional, həm də dünya miqyasında inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb, ölkələr qarşısında duran müasir trendlər və çağırışlar mövzusunda fikirlər söyləyiblər. Ekspertlər inkişaf edən bazarlarda fəaliyyət göstərən şirkətlərdə fəaliyyətin şəffaflığı və korporativ idarəetmənin inkişaf səviyyəsi mövzusunda müzakirələr aparıb, özəl sektora xarici investisiyaların cəlb olunması metodikasını və digər aktual mövzuları müzakirə ediblər.
“Mərkəzi və Şərqi Avropanın bank sektoru” diskussiya paneli çərçivəsindəki çıxışı zamanı PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun qeyd etdiyi kimi, neftin qiymətinin aşağı düşməsi, milli valyutaların devalvasiyası, qlobal iqtisadiyyatın inkişaf sürətinin azalması ilə bağlı dünyada baş verən son hadisələr ilk növbədə bank sektorunda əks olunur.
“Hal-hazırda Azərbaycanda iqtisadiyyatın əsas sektorlarının inkişafı üzrə 12 strateji yol xəritəsi təsdiqlənib. Bu xəritələr digər sahələrdən əlavə, həm də maliyyə sektorunun, turizm sənayesinin, İKT-nin, kənd təsərrüfatının, nəqliyyat və logistikanın inkişafına toxunur. Əminəm ki, bank sektoru qarşıya qoyulan planların həyata keçirilməsinə öz böyük töhfəsini verəcək, bu da ölkəyə iqtisadiyyatının beynəlxalq arenada rəqabət qabiliyyətinin gücləndirilməsində, investisiya cəlbediciliyinin artırılmasında və davamlı inkişaf yoluna əminliklə qədəm qoymasında köməklik göstərəcək”, - deyə PAŞA Bankın rəhbəri çıxışını yekunlaşdırıb:
Qeyd edək ki, Mərkəzi və Şərqi Avropanın Beynəlxalq forumu “Euromoney” jurnalı tərəfindən ardıcıl olaraq 22-ci ildir ki, keçirilir və Avropanın ən iri işgüzar tədbirlərindən biridir. İkigünlük forum öz işini bu gün – yanvarın 18-də başa vurur.