London polisi tərəfindən saxlanılan AZAL-ın bələdçiləri sərbəst buraxılıb – YENİLƏNİB
London polisi tərəfindən saxlanılan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bələdçiləri artıq sərbəst buraxılıb.
Bu barədə 1news.az-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən rəhbəri Paşa Kəsəmənski bildirib.
Kəsəmənskinin sözlərinə görə, bələdçilər yaxın zamanda Azərbaycana qayıdacaqlar:
"Onların nə zaman qayıdacağı müvafiq prosedurlardan asılıdır".
25.01.17
Yaxın zamanlarda “Azərbaycan Hava Yolları”nın (AZAL) London-Bakı aviareysi üzrə uçuşu gözlənilir.
Bu barədə 1news.az-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən rəhbəri Paşa Kəsəmənski bildirib.
Onun sözlərinə görə, göyərtədə yeni təyyarə bələdçiləri olacaq:
“Hitrou Hava Limanında London polisinin təyyarə bələdçilərinin saxlamılması ilə bağlı vəziyyət Azərbaycan və Britaniya səfirlikləri tərəfindən nəzarətə götürülüb. Təyyarə bələdçiləri insident aydınlaşdırılanadək polisdə olacaqlar”.
Həmçinin o qeyd edib ki, saxlanılmış aviareysin sərnişinləri otelə yerləşdirilib, onlar ərzaqla təmin olunub.
11.58
Yanvarın 24-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub.
1news.az-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən xəbərə görə, uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.
Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub.
Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.
1news.az