Ciddədə İƏT-ə üzv dövlətlərin birinci Nazirlər Konfransı işə başlayıb
Fevralın 8-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin birinci Nazirlər Konfransı işinə başlayıb. Konfrans “İslam Əməkdaşlıq Təşkilatı dövlətlərində evlilik, ailə institutu və bu dəyərlərin qorunması” mövzusuna həsr olunub.
Səudiyyə Ərəbistanı Əmək və Sosial İnkişaf Nazirliyinin insan hüquqları komitəsinin İƏT ilə birlikdə təşkil etdiyi konfransa quruma üzv 56 ölkədən nümayəndə heyətləri qatılıb.
Konfransda Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edir.
Tədbirdə islam dəyərləri, islamda qadın hüquqlarının qorunması, ərəb, Asiya, Afrika ölkələrində nikah və ailə institutunun üzləşdiyi problemlər və onların həlli ilə bağlı məsələlər müzakirə ediləcək, müvafiq təqdimatlar keçiriləcək. Yekunda bir sıra mühüm sənədlərin imzalanması nəzərdə tutulur.
Ailə problemləri üzrə nazirlər, komitə sədrləri, hökumət üzvləri, beynəlxalq və regional təşkilatların nümayəndələri konfransda İƏT-ə üzv ölkələrdə nikah və ailə institutunun gücləndirilməsi, dəyərlərin qorunması sahəsində göstərilən cəhdlər, davamlı inkişafın hədəflərinin həyata keçirilməsində ailənin rolu, qadına qarşı zorakılıq halları ilə mübarizə və digər məsələləri də müzakirə edəcəklər.
Konfrans fevralın 9-da yekunlaşacaq.
AZƏRTAC