Amerikalı jurnalist Azərbaycan haqqında növbəti məqaləsini yazıb
Azərbaycanda səfərdə olan və “News Blaze”, “Jeurusalem Post” və “Times of İsrael” mətbuat orqanlarının yazarı olan amerikalı jurnalist Nurit Greenger ölkəmiz haqqında növbəti məqaləsini yazıb.
1news.az-ın məlumatına görə, “Azərbaycana gələn hər bir kəs çox qısa zamanda insanlar arasında harmoniya və birliyin mümkün olduğuna əmin olur” sözləri ilə məqaləsinə başlayan N.Greenger Azərbaycan xalqının öz genlərində fəxarətlə harmonik mövcudluğu yaşatdığını qeyd edir. Müəllif nəyə görə bu Azərbaycanda mümkündür və digər yerlərdə mümkün deyil kimi sualla çıxış edirək məqalə boyunca ona cavab tapmağa çalışır.
Gününü şəhidlər xiyabanından başlayan müəllif qanlı yanvar faciəsində və Qarabağ uğrunda müharibədə həlak olanların qəbirlərinin ziyarəti ilə başlayır. Yanvar faciəsi və Qarabağ müharibəsinin sülhpərvər və qonşularına da hörmətlə yanaşan Azərbaycan xalqının tarixində ən kədərli məqamlardan biri olduğunu yazır.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevdən müsahibə alan N.Greenger Azərbaycanın xarici siyasətinin çoxşaxəli olduğunu qeyd edir. Müəllif yazır: “Hikmət Hacıyev fəxarət və böyük həvəslə Azərbaycan rəhbərliyinin ölkə vətəndaşları üçün təmin etdiyi parlaq gələcəkdən danışdı”.
XİN-nin sözçüsünə istinadən Azərbaycanın tarixən böyük güclərin döyüş meydanı olduğunu və Azərbaycan xalqının buna görə çox əziyyətlər çəkdiyini və bu gün obrazlı şəkildə desək Azərbaycanın “tankların deyil bankların” danışmalı olduğu, yəni əməkdaşlıq və tərəfdaşlıq xarakterli siyasət yürütdüyünü yazır. H.Hacıyev Azərbaycanın xarici siyasətinin daxili siyasətinin əksi olduğunu qeyd edərək müəllifə Azərbaycanın İsrail, İran, Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı, ölkəmizin nəqliyyat strategiyası, turizmin, təhsilin və kənd-təsərrüfatının inkişafı, qara qızılın insan kapitalına çevrilməsi siyasəti haqqında məlumat verir.
Sonra müəllif Bakıdakı Katolik Kilsəsi, Sinaqoq, Təzə Pir Məscidinə ziyarətindən və Qafqaz müsəlmanları idarəsində Simran Həsənov ilə görüşlərindən yazır. S.Həsənov Azərbaycanda radikalizmin olmamasının səbəbləri və bu istiqamətdə dövlətin həyata keçirdiyi uğurlu siyasətdən danışır.
Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzu və iradəsi ilə ərsəyə gələn Bakı aşkenazi yəhudilərinin sinaqoqunda olan müəllif Azərbaycanda yəhudilərin firavan və təhlükəsiz yaşadığını vurğulayır.
Sonda müəllif oxuculara xitabən yazır: “Əgər siz müsəlman ölkələrinə səfər etmək istəyirsinizsə, məsləhətimə qulaq asın və Azərbaycana səyahət edin. Sizin bütün şüuraltı qərəzli fikirləriniz Azərbaycanın alicənab, mədəni və sivil insanların mühitində tamamilə əriyib gedəcək”.
Məqalə ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:
http://newsblaze.com/usnews/travel/azerbaijan-and-me-a-week-travel-log-in-azerbaijan-part-2_78741/
1news.az