Elmar Məmmədyarov: İordaniya Senatının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi bəyanat mühüm əhəmiyyətə malikdir
Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığı Parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif əl-Taravnehin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi.
E.Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında müstəsna rolu barəsində danışaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İordaniyaya, İordaniya kralı II Abdullahın Azərbaycana səfərlərinin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi və genişlənməsi üçün yeni imkanlar üzə çıxardığını bildirdi.
Siyasi əlaqələrin mövcud inkişafının ikitərəfli iqtisadi münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini bildirən E.Məmmədyarov bu xüsusda, ticarət, iqtisadiyyat və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətini xüsusi dəyərləndirdi.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi barədə qonaqları məlumatlandıran nazir münaqişənin həlli üçün, BMT Təhlüksizlik Şurasının müvafiq qətnamələrində də tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğunu və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həll edilməli olduğunu diqqətə çatdırdı. E.Məmmədyarov həmçinin münaqişə ilə bağlı İordaniyanın tutduğu ədalətli mövqenin yüksək qiymətləndirildiyini qeyd etdi.
Nazir E.Məmmədyarov dövlətlərarası, eləcə də xalqlararası təmasların gücləndirilməsində parlament diplomatiyasının rolunun gündən-günə artdığını bildirdi. O, 2013-cü ildə İordaniya Senatı tərəfindən Xocalı soyqırımı ilə bağlı bəyanatın qəbulunun mühüm əhəmiyyətə malik olduğunu dedi.
Atef Yusif Saleh əl-Taravneh İordaniya və Azərbaycan arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu və əlaqələrin irəlilədilməsi baxımından qarşılıqlı səfərlərin rolunu qeyd etdi və turizm, sərmayələrin qoyuluşu və digər sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlər olduğunu əlavə etdi.
O, Azərbaycanın beynəlxalq terrorçuluqla mübarizədə qətiyyətli mövqeyi ilə seçildiyini deyərək, Azərbaycan hökumətinin İslamın əsl dəyərlərinin dünyada təbliği və təşviqi istiqamətində gördüyü işlərin təqdirəlayiq hal olduğunu diqqətə çatdırdı.
Görüşdə həmçinin beynəlxalq və regional əhəmiyyətli məsələlər barəsində fikir mübadiləsi aparıldı.
S.Xankişiyeva