“Pegasus Airlines” Bakı-Ankara reysi aça bilər
Türkiyə loukosteri “Pegasus Airlines” yaxın zamanda Bakı-Ankara birbaşa reysini işə salmaq niyyətindədir.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu şirkətin satış üzrə direktoru Emre Pekesen bildirib.
Onun sözlərinə görə, "Pegasus Airlines" Ankaranın hava limanında iyun ayından çalışmağa başlayacaq və hazırda şirkət Ankara və Bakı arasında birbaşa reysin açılması üçün icazənin alınması üzərində işləyir.
E.Pekesen əlavə edib ki, Türkiyə Mülki Aviasiya İdarəsi bu icazəni artıq verib və hazırda şirkət bu icazənin Azərbaycan Mülki Aviasiya İdarəsi tərəfindən verilməsini gözləyir:
"Əgər bu icazə vaxtında verilərsə biz Ankara-Bakı reysini bu yay işə salmaq niyyətindəyik və bundan əlavə, biz Bakını Türkiyənin, Avropanın, Rusiyanın, Yaxın Şərqin və Şimali Afrikanın 20-dən artıq şəhərləri ilə birləşdirmək istəyirik".
Satış üzrə direktor qeyd edib ki, Azərbaycan "Pegasus Airlines" üçün həmişə vacib bazar olub və qalır.
Qeyd edək ki, "Pegasus Airlines" - Türkiyənin aviaşirkətidir və 77 təyyarədən ibarətdir. 2016-cı ildə şirkət 24 milyondan artıq sərnişin daşıyıb.
S.Xankişiyeva