Qətərə daha 48 saat vaxt verildi
Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərin onların tələblərinə cavab verməsi üçün vaxtı daha 48 saat uzatmaq barədə razılığa gəliblər.
1news.az-ın məlumatına görə, bu barədə KUNA agentliyi xəbər yayıb. Belə bir xahişlə ölkələr arasında vasitəçilik edən Küveyt çıxış edib.
Qeyd edək ki, 7-si ərəb dövləti olmaqla 10 ölkə terrorizmi dəstəkləməsini əsas gətirərək Qətərlə diplomatik və ticari əlaqələri kəsib. Rəsmi Doha ona qarşı irəli sürülmüş bütün ittihamları rədd edib.
Qətərə qarşı 13 tələb irəli sürülüb. Bu tələblər arasında terrorçuluğun maliyyələşdirilməsini dayandırması, İranla əlaqələrin məhdudlaşdırılması, "Əl-Cəzirə" kanalını bağlaması və s. var. Qətər bu tələbləri qeyri-real adlandırıb.
Pərvanə Sultanova