Atalarını işdən çıxardan “gül balalar” – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Atalarını işdən çıxardan “gül balalar” – SİYAHI

16:27 - 12 / 07 / 2017
Atalarını işdən çıxardan “gül balalar” – SİYAHI

Son vaxtlar mətbuatda məmur övladları ilə bağlı xoşagəlməz xəbərlərə daha tez-tez rast gəlirik. Bu isə cəmiyyətdə ciddi narazılıqla qarşılanır.

Aydın məsələdir ki, məmur övladları da adi insanlardır və onlar da səhv edə bilərlər. Lakin onların atalarının və yaxud qohumlarının yüksək vəzifələrdə işləmələri, dövlət strukturlarında yüksək post tutmaları və tanınmış insanlar olmaları onları davranışlarında daha diqqətli olmağa sövq etməlidir. Lakin təəssüf ki, heç də bütün məmur övladları buna əməl etmirlər və zaman-zaman xoşagəlməz, qalmaqallı əməlləri ilə gündəmə gəlirlər, bu ayın əvvəlində olan hadisə kimi...

Xəbər verildiyi kimi, Bakıda avtoxuliqanlıq edən, daha sonra dostları ilə ona irad bildirən marşrut avtobusunun sürücüsünü döyən general oğlu tutulub.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Baş Prokurorluqdan bildiriblər ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə cinayəti törətməkdə təqsiri olan digər şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nəzərinizə çatdıraq ki, R.Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin keçmiş rəisi general Novruzəli Orucovun oğludur. N.Orucov dünən tutuduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Azərbaycanın bir çox məmurları övladlarının qanunsuz və özbaşına əməllərinə görə zaman-zaman ciddi başağrısı yaşayırlar. Onların arasında hətta həbsə düşənlər də az deyil. “Papanın gül balaları”nın özbaşına hərəkətləri bəzi hallarda onların valideynlərinin karyerasına son qoyulması bahasına başa gəlir. Belə faktlardan bəzilərini təqdim edirik:

Oğlunun güdazına gedən nazir...

Övladının yol verdiyi nöqsana görə vəzifəsində azad olunan məmurlardan biri sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdu.

Məlumata görə, 2013-cü il yanvarın 23-də İsmayıllı rayonunun həmin vaxtı icra başçısı olan Nizami Ələkbərovun (Füzuli Ələkbərovun qardaşı – B.C.) qardaşı oğlu “Hummer” markalı maşınla yerli sakinin maşınını vuraraq qəza törədib, daha sonra isə qəzaya düşərək yaralanmış sakini öz dostları ilə birlikdə döyməyə başlayıb.

Rayon sakinləri buna mane olmağa çalışsa da, icra başçısının qohumları İsmayıllı əhalisini söyərək təhqir ediblər. Bundan qəzəblənən sakinlərin həmin şəxsləri döyüb və Nizami Ələkbərovun qardaşı oğlu Vüqar Ələkbərova məxsus olan “Çıraq” hotelini və “Hummer” markalı maşını yandırıblar. 



Nazirin həmin rayonun icra başçısı olan qardaşı Nizami Ələkbərov da bu hadisələrdən sonra tutduğu vəzifədən azad olundu. Az sonra isə nazirin özü də vəzifəsi ilə vidalaşmalı oldu.

İcra başçısının birinci müavinliyindən idarə rəisliyinə

Övladının törətdiyi qəzaya görə işdən çıxarılanlardan biri də Tərtər rayon icra başcısını keçmiş birinci müavini Vidadi Bəylərov olub. 2013-cü ildə V. Bəylərovun yeniyetmə oğlu Elxan Bəylərlinin törətdiyi avtomabil qəzası nəticəsində bir nəfər ölüb. Bu fakta görə Tərtər rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini Vidadi Bəylərov tutduğu vəzifədən azad olunub.

Hadisəyə gəlincə, məmur oğlu başqa bir gənclə “qonkaya” çıxıb və “rəqib”ini sıxışdıraraq yoldan çıxmağa məcbur edib.

Nəticədə isə həmin gənc idarəetməni itirərək yol kənarındakı kanala düşüb. Hadisə nəticəsində aldığı zədələrdən sonra həmin gənc dünyasını dəyişib.

Bir neçə müddət işsiz qalan Vidadi Bəylərov az sonra Tərtər rayon Telekommunikasiya qovşağının rəisi təyin edilib.

Xalq artistinin ailəsini yasa boğan məmur oğlu

2014-cü il martın 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi “VAZ-2106” markalı 10-NB-466 dövlət qeydiyyat nişanlı avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi “Mercedes-Benz G-55” markalı 90-FE-007 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Nəticədə “VAZ-2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.

Qəzada həyatlarını itirənlərdən Briliant Abdullayeva xalq artisti, tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı, Ağasəlim Abdullayev isə nəvəsidir.

Hadisəni törədən sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.

Məhkəmənin hökmü ilə X.Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını 3 ilini çəkdikdən sonra azadlığa buraxılıb.

X. Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Mübariz Mədətovun oğludur. Bu hadisədən sonra onun atası işdən qovulub. Hər şey bununla da bitməyib: M. Mədətovun kiçik oğlu, Azərbaycanın Almaniyadakı səfirliyində işləyən Yusf Mədətov da geri çağırılıb və diplomatik xidmətdən kənarlaşdırılıb.

“Avtoşluq” edən məmur oğlu türməyə, atası isə istefaya

2014-cü ilin aprelində Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənovun oğlu Tural Həsənov “BMW X6” avtomobili ilə Zığ şossesində avtoxuliqanlıq etdiyinə görə məhkəmənin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilib. Onun yarışdığı digər avtoxuliqan dostu Rahib Abdulbağırov isə 15 sutkalıq həbs edilib.

Daxili işlər naziri Ramil Usubovun əmri ilə həm də polis əməkdaşı olan T.Həsənov polis orqanlarından xaric edilib.

Məmur oğlunun atası da övladının əməlinə görə sərt şəkildə cəzalandırılıb və işdən uzaqlaşdırılıb.

Polisə müqavimət göstərdi, həbsə atıldı

2014-cü ilin iyulunda isə Masallı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttlişliyinin Cənub regional idarəsinin rəisi Ərəstun Əbilovun oğlu Sədi Əbilov saxlanılıb. 

S.Əbilov haqqında Masallı rayon Məhkəməsi inzibati həbs qərarı çıxarıb.

Masallı rayon Məhkəməsindən  verilən məlumata görə, onun barəsində 15 günlük inzibati həbs qərarı verilib. Rəisin oğlu yol hərəkəti qaydalarını pozduğuna və polis əməkdaşlarına müqavimət göstərdiyinə görə məsuliyyətə cəlb edilib

İçkili avtomobil sürən məmur oğlu “sutkalığa” salındı

Zərdab rayon icra hakimiyyətinin başçısının birinci müavini Allahverdi Səfərovun oğlu Ceyhun Səfərov 2015-ci ilin martın 22-də saat 16 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb.

İcra Hakimiyyətindən bildiriblər ki, Zərdab rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib.

Martın 27-də C.Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb. Bundan bir neçə gün sonra isə onun atası oğlunun hərəkətinə görə işdən qovulub. 

Bakı şəhər Prokurorluğunun rəisinə oğlundan “İnstagram” zərbəsi

Övladına görə işindən olan məmurlardan biri də Bakı şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyevdir. Lakin o oğlunun hansısa qanunsuz əməlinə görə deyil, oğlunun şöhrətpərəsliyinin güdazına gedib.

Belə ki, oğlu Elvin Nəbizadə xeyli sayda pulları və müxtəlif avtomobilləri sosial şəbəkədə  - “İnstagram”da nümayiş etdirib.

1988-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Elvin Nəbizadənin fotosunu paylaşdığı “Volkswagen” və Rusiya istehsalı olan “Niva” markalı avtomobillər onun özünə məxsus olub. Digər “Jeep” markalı bahalı avtomobil isə atası Ramiz Nəbiyevə məxsus olub. “Lexus” markalı avtomobilin sahibi isə Elvin Nəbizadənin böyük qardaşıdır. Prokurorun oğlu yaşadıqları lüks evin fotosunu da sosial şəbəkədə yayıb. Bütün bunlarla bağlı mətbuatda yazılandan sonra onun atası öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Prezident: Məmurlar və onların qohumları insanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər

Qeyd edək ki, məmur övladlarının özbaşınalığı vaxtaşırı Prezident İlham Əliyev tərəfindən də ciddi tənqid olunub. Ddövlət başçısı dəfələrlə məmurlara və onların övladlarına xəbərdarlıq edərək onları insanları incitməməyə, əksinə, qayğı və diqqət göstərməyə çağırıb:

“Mən həmişə demişəm hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər”.

Ölkə başçısı vəzifəli şəxslərdən cəmiyyətdə özlərini apara bilməyən övladları barədə ölçü götürməyi tələb edib: 

“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.

Göründüyü kimi, dövlət başçısının ciddi xəbərdarlığına baxmayaraq hələ də ipə-sapa yatmayan, atalarının vəzifəsi, pulları hesabına özbaşınalıq edən məmur övladları var. Onların özbaşınalıqları bir çox hallarda atalarının imicinə zərbə vurmaqla yanaşı, onların vəzifələrini itirmələri hesabına başa gəlir.

Dövlət başçısının bununla bağlı son sərəncamı da dediklərimizi bir daha sübut edir. Əgər məmurlar vəzifələrini itirmək istəmirlərsə nəinki öz işlərinə məsuliyyətlə yanaşmalı, həm də övladlarının tərbiyəsinə ciddi fikir verməlidirlər. Çünki Prezident ancaq xəbərdarlıq etmir...

Babək Cahandarov

Paylaş:
2222

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41
Bütün xəbərlər