Vüqar Səfərli: Üçüncü bina da 255 mənzilli olacaq

“Jurnalistlər üçün inşa edilmiş ikinci binanın açılış mərasimi zamanı üçüncü binanın təməli qoyulacaq”.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.
Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edən bu layihənin davamlı olacağını deyən Fond rəhbəri üçüncü binanın da ikinci bina kimi 255 mənzilli olacağını söyləyib.
V.Səfərli jurnalistlərə yeni tikilmiş binada mənzillər əvvəl qeyd olunduğu kimi iyulun 22-də deyil, ayın 20-də təqdim ediləcəyini də diqqətə çatdırıb:
“Müvafiq komissiyaya 2 minə yaxın müraciət daxil olub, bu müraciətlərin hamısı ciddi şəkildə araşdırılıb. Yekunda 250-dən çox jurnalistə mənzil verilməsi qərara alınıb. Bu, cənab Prezident İlham Əliyevin jurnalistlərə hədiyyəsidir”.
Babək Cahandarov