Neft Fondunun investisiya portfelinə daxil olan qızılın miqdarında heç bir dəyişiklik baş verməyib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARNDF) investisiya portfelinə daxil olan qızılın miqdarı hazırda 30 ton 175 kiloqram (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib.
Bu barədə 1news.az-a ARNDF-dan bildirilib.
Qeyd edilib ki, ARNDF-in investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi bu il tam başa çatdırılıb. Fondun investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-in rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır.
Qeyd edək ki, dünən bəzi KİV-lərdə Azərbaycanın ötən il bütün qızıl ehtiyatını satması ilə bağlı xəbərlər yer alıb. Onlar bunu Ümumdünya Qızıl Şurasının reytinq xarakterli son hesabatında Azərbaycanın yer almaması ilə əsaslandırıblar.
S.Xankişiyeva