Doqquz ayda Balakənə 22 minə yaxın turist gəlib
Bu ilin ötən dövründə Balakən rayonuna 21 min 780 turist gəlib. Onların 6 min 900-nü əcnəbi turistlər təşkil edib. Rayona gələn turistlərin sayı 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2 min nəfərə yaxın artıb.
1news.az bu barədə AZƏRTAC-a istinadla məlumat verir.
Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonu əlverişli iqlim şəraiti, zəngin fauna və florası, yaşıl meşələri, şəlalələri, qədim tarixi abidələri ilə son illər yerli və xarici turistlərin diqqətini daha çox özünə cəlb edir. Rayonun ərazisində turistlər və gələn qonaqlar üçün maraq kəsb edən əsrarəngiz təbiət guşələri, həmçinin müasir turizm infrastrukturu mövcuddur.
Mədəniyyət və Turizm Nazirliyi kollegiyasının qərarı ilə Balakən rayonu 4 nömrəli turizm marşrutuna daxil edilib. Rayonda 12 turizm marşrutu və rekreasiya zonaları müəyyənləşdirilib. Turizm müəssisələrində, otel və mehmanxanalarda çalışanların peşə hazırlığını artırmaq məqsədilə onlar üçün davamlı olaraq ixtisaslaşdırılmış kurslar, treninqlər təşkil edilir.
Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkı yerli sakinlərin və turistlərin ən çox üz tutduqları istirahət məkanlarındandır. Qonaqların mənalı istirahət etmələri üçün parkda hər cür şərait yaradılıb, yelləncəklər, attraksionlar quraşdırılıb. Burada uzunluğu 1200 metr olan kanat yolu da fəaliyyət göstərir. Parkın ərazisindəki 132 yerlik 4 ulduzlu “Qubek” oteli 2010-cu ildən turistlərin istifadəsindədir.
Rayonda əsasən, idman və kənd yaşıl turizmi inkişaf etməkdədir. Bundan əlavə, turistlər dağ, atçılıq, balıqçılıq, ovçuluq və digər turizm növlərinə də maraq göstərirlər.
1news.az