Lisa Givert: TAP üzrə İtaliyada yenidən tikinti işlərinə başlanacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Lisa Givert: TAP üzrə İtaliyada yenidən tikinti işlərinə başlanacaq

15:13 - 10 / 10 / 2017
Lisa Givert: TAP üzrə İtaliyada yenidən tikinti işlərinə başlanacaq

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi çərçivəsində İtaliyada yenidən tikinti işlərinə başlanılacaq.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu TAP-ın kommunikasiya rəhbəri Lisa Givert deyib.

O bildirib ki, TAP-ın inşasına 2016-cı ilin mayında başlanılıb. Həmin ilin yayında TAP marşrutu boyunca partlamamış hərbi sursatın olub-olmadığını yoxlamaq məqsədilə arxeoloji kəşfiyyatlar, eləcə də xətt üzrə bitən zeytun ağacları üçün fitosanitar tədbirlər (tozlanma) aparılıb. 2016-cı il oktyabrın əvvəlində San Foça çimərliyində, dekabrda isə mikrotunelin tikintisi üzrə bütün geoloji tədqiqatlar yekunlaşıb. Cari ilin mart-iyul aylarında isə mikrotunelin tikiləcəyi ərazidən zeytun ağaclarının ilk partiyası köçürülüb. Həmin ağaclar yaxınlıqdakı bir uşaq bağçasına (Masseria del Capitano) köçürülüb. Ağaclar burada təmənnasız saxlanılacaq, onlara müvafiq qulluq göstəriləcək. Boru kəmərinin tikintisi başa çatdıqdan sonra zeytun ağacları öz yerlərinə əkiləcək. Həmçinin, TAP-ın dəniz hissəsində istifadə olunacaq boruların sonuncu partiyası da sentyabrın 3-6-da İtaliyanın Brindisi bölgəsində boşaldılıb.

“TAP mərkəzi və yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edir və yenidən İtaliyada tikinti işlərinə başlamağa hazırlaşır. Bu işlərə giriş yolunun inşası və mikrotunelin tikintisi üçün xəndəyin qazılması daxildir. Həmçinin Faza-1 çərçivəsində dəniz hissəsi üzrə ətraf mühitə təsirlərin qiymətləndirilməsi (ƏMTQ) üzrə icazələr qüvvəyə mindikdən sonra bu məqsədlə oktyabrın sonunda yoxlamaların aparılması nəzərdə tutulur. Biz layihə üzrə qrafikə sadiq qalırıq. TAP 2020-ci ildə “Şahdəniz” üzrə ilk qazı tədarük etməyə hazırlıq istiqamətində öz fəaliyyətini davam etdirir”, - deyə L.Givert əlavə edib.

Qeyd edək ki, TAP öz öhdəliyinə sadiq qalaraq yay mövsümündə İtaliya sahilləri boyunca tikinti işləri yerinə yetirməyib. Məqsəd isə bu bölgələrdə turizmə təsirlərin qarşısını almaqdır.

Xatırladaq ki, TAP qaz boru kəməri layihəsinin 57 faizi icra edilib. Boru kəmərinin TAP-ın keçdiyi ölkələrdə ümumilikdə 5 min 500 nəfər işçi çalışır.

TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanın şərqində - Kipoidə, digəri isə Albaniyanın qərbində - Fierdə olmaqla ümumilikdə iki kompressor stansiyasının tikintisi davam etdirilir. Həmçinin Albaniyanın şərqində Bilisht regionuna yaxın ərazidə bir ölçmə stansiyasının inşası aparılır.

TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir. Boru kəmərinin təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 13 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

S.Xankişiyeva

 

Paylaş:
507

Son xəbərlər

Bütün xəbərlər