İŞİD-dən sonrakı İraq - Bağdaddan reportaj – FOTO
Bir neçə ay əvvəl İraq hökuməti ölkə ərazisinin tamamilə İŞİD-dən azad olunduğunu bəyan etdi. Suriya ilə sərhəddə yerləşən və İŞİD-in İraqda sonuncu əsas dayağı sayılan Təlafərin azad edilməsi ilə demək olar ki, terror qruplaşmasının bu ölkədə varlığına son qoyuldu.
Bəs İraq post-İŞİD dövrünə qədəm qoyubmu? Hazırda ölkədə vəziyyət necədir? Bu və digər suallara İraqa səfərim zamanı elə yerindəcə cavab tapdım. Başlayaq elə İraqın paytaxtı Bağdaddakı durumdan.
Öncə onu qeyd etmək lazımdır ki, ayətullah Seyid Əli Sistaninin 2014-cü ildə Nəcəfdəki qərargahında İŞİD-ə və onun himayədarlarına qarşı cihad elan etməsindən sonra “Haşdi Şabi”nin formalaşdırılmasına başlanıldı. “Haşdi Şabi” turkman və ərəb güclərindən ibarət silahlı qüvvədir və hökumətə tabedir. Məhz Sistaninin fətvasından sonra İraqda terror qruplaşması ilə mübarizə daha da güclənir. Gənc, yeniyetmə, yaşlı demədən hər kəs əlinə silah alıb İŞİD-lə mübarizəyə qalxır. Məsələn, “Haşdi Şabi”nin qərargahlarından birində olarkən orda yaşı yetmişi ötmüş bir döyüşçü ilə qarşılaşdıq. Söhbət zamanı bəlli oldu ki, İŞİD-lə mübarizədə döyüşlərdə iştirak edib və bundan sonra da mübarizəni davam etdirməyə hazırdır.
Sistaninin fətvasında da əli silah tutan hər kəs terrora qarşı müqəddəs savaşa çağırılıb. O bəyan edib ki, bu savaşda ölənlər şəhiddir, İraq ordusu da cəsur olmalıdır. Həmçinin, Sistani iraqlı siyasətçiləri silahlı qüvvələrə dəstək verməyə və gücləri birləşdirməyə, zəfər üçün birliyin olmasına çağırıb.
Həm İŞİD-in məhv edilməsi, həm də Kürdüstan muxtariyyətində keçirilmiş qanunsuz referendumdan sonra ölkədə bir çox dəyişikliklərin baş verdiyini söyləmək olar. Bu dəyişikliklər isə müsbətə doğrudur. Məlumat üçün bildirim ki, iki il öncə, 2015-ci ildə İraqa səfər etdiyim üçün vəziyyəti müqayisə etmək imkanım oldu. İki il ərzində həm də dəyişən Bakıdan İraqa birbaşa təyyarə reysinin açılmasıdır.
Bakıdan Bağdada cəmi iki saat yoldur. Həm Bağdada uçanda, həm də geri dönüşdə diqqətimi cəlb edən daha çox iraqlının səfər etməsi idi. Məsələn, Bağdada uçuş zamanı cəmi 4 azərbaycanlı gördüm ki, onların ikisi jurnalist, turizm şirkətində çalışan bir xanım və daha bir qadın idi.
Elə ilk “sürprizlə” hava limanında qarşılaşırıq. Bizi hava limanında xeyli gözlədirlər. Yenidən nəzarət aparılır, sərhəd xidmətinin vəzifəcə daha məsul əməkdaşı gəlir, bir qədər sorğu sual edəndən sonra pasportlarımız geri qaytarılır. Həmçinin, hava limanı ərazisində başımızı bağlamalı olduğumuzu deyirlər. Nəhayət İraq ərazisinə girişimizə icazə verilir. Təhlükəsizliklə əlaqədar hava limanında insanların qarşılanmasına icazə verilmir. Hava limanından çıxıb təxminəın 10 dollar ödəyib kiçik tutumlu servis avtobusları ilə Abbas bin Firnas deyilən yerə gəlirik, ordan isə taksiyə minib istənilən ünvana getmək olur.
Bağdad aeroportundan çıxış nə qədər çətindirsə, daxil olmaq ondan da çətindir. Hava limanına gedən yolda hər addımbaşı nəzarət məntəqələri var, avtomobillərdəki və avtobuslardakı insanlar düşürülərək itlə bir neçə dəfə yoxlanılır. Bir qədər yolu baqajla bərabər piyada getməli olursan. Bir sözlə, Bağdad aeroportuna gedən yol və hava limanı içindəki yoxlamalar insanı çox yorur. Aeroport ərazisində gəzmək imkanları da məhduddur.
Bağdad böyük bir müharibə zonasını, hərbi hissəni xatırladır. Üzünü hansı tərəfə çevirirsən gördüyün ancaq silahlı əsgərlər, polislər, təhlükəsizlik qüvvələri, beton lövhələr, barrikadalar, dəmir məftillərdir. Başını yuxarı qaldırırsan hər tərəfdə hazır vəziyyətə gətirilmiş və üzərinə tuşlanan avtomatları görürsən. Ürəyin istəyən yerdə şəkil çəkə bilməzsən. Çünki yasaqdır. Əlinə telefonu alıb şəkil çəkmək istəyirsən ki, qarşında hərbçi, yaxud polis görürsən. “Çəkmək olmaz” işarəsini verirlər. Yox əgər çəkirsənsə, telefon, yaxud fotoaparatını alıb çəkdiyi şəkilləri silirlər və beləcə digər fotoların da qurban gedir. Necə ki, 2015-ci ildəki səfərim zamanı eyni halla qarşılaşmışdım. Binanın şəklini çəkmək istəyəndə bilmədən polis də fotoda düşmüşdü. Buna görə də fotoaparatımı alıb içindəki bir sıra digər vacib hesab etdiyim şəkilləri də sildilər. Ona görə də ehtiyatlı olmaz lazımdır, əgər jurnalistsənsə, daha çox ehtiyarlı olmalısan.
Düzdür, şəhər qaynayır. Bazarlarda, dükanlarda, yollarda insan sıxlığı ilə qarşılaşırsan. İŞİD-in ölkədən çıxarılması insanların əvvəlki illərə nisbətən özlərini daha təhlükəsiz hiss etmələrinə səbəb olub. Amma “təhlükə tam sovuşubmu?” sualına “bəli” cavabını da vermək mümkün deyil. Məsələn, söhbət etdiyimiz dükan və bazarlarda çalışan sadə insanlar, sürücülər deyirlər ki, İraqda nə zaman nə baş verəcəyini heç kim bilmir. Terror hadisəsi, partlayışlar hər an ola bilər. Şəhərdə getdiyin yerdə bir kamikadzenin qurbanına çevrilə bilərsən. Çünki ölkə İŞİD yaraqlılarından təmizlənsə də, adi insanların arasında İŞİD-çinin olmadığını demək mümkün deyil. İŞİD yaraqlıları PKK ilə birləşib və onların yeni gücə çevrilib yeni ad altında meydana çıxacağı da istisna olunmur.
Paytaxt sakinləri, xüsusilə gənclər İŞİD-in ölkədən çıxarılmasını hər cümə, yəni İraqda qeyri- iş günü olanda bayram əhval-ruhiyyəsi ilə qeyd edirlər. Səhərə qədər gənclər küçələrdə yürüş edib əylənirlər. Toylar da əsasən cümə günləri keçirilir. Ona görə də cümə günləri paytaxtda təhlükəsizlik tədbirləri daha da gücləndirilir. Bağdada dönüşüm cümə gününə təsadüf edirdi. Sürücüdən axşam saatlarında küçədə gəzməyin təhlükəli olub olmadığını soruşuram. Cavab verir ki, xüsusilə axşam saatlarında ehtiyatlı olmaq lazımdır. Otel ətrafından çox uzaqlaşmaq, nisbətən qaranlıq yerdə dolaşmaq əcnəbilər üçün təhlükəlidir. Oğurlanmaq, qaçırılmaq ehtimalı hələ də qalır.
Hazırda Bağdadda 13 milyondan artıq insan yaşayır. Qadınlar demək olar ki, kütləvi şəkildə qara çarşaba bürünüb. Söhbət etdiyim nisbətən yaşlı bir xanımdan bunun səbəbini soruşuram. Deyir ki, Səddam Hüseyn xalqa çox zülm etsə də, onun dövründə nə şəhər belə bərbad vəziyyətə qalmışdı, nə də qadınlar qara çarşablara bürünmüşdü. Ölkədə müharibə başlayandan, yəni 2003-cü ildən başlayaraq insanların vəziyyəti ağırlaşdı, maaş verilmirdi. Qadınların salona getməyə, saç rəngləməyə və düzüm etdirməyə maddi imkanı olmadığı üçün hər kəs başını bağlamağa başladı. İndi bu yaşdan sonra başımızı açsaq, əlbəttə ki, pis baxacaqlar. Müqəddəs yerlər istisna olmaqla, digər yerlərdə baş örtmək məcburi deyil. Amma sonrakı nəsillər də bizə baxıb örtülürlər.
Düzdür, şəhərdə az sayda baş örtüyü olmayan, yaxud kiçik bir yaylıq örtən xanımları görmək olar. Onlara da diqqətlə baxanda əcnəbi olduqları məlum olur.
Yaxın Şərqin mərkəzi, ən böyük şəhərlərindən biri olan, illərlə müharibələrin, terrorun meydanına çevrilmiş Bağdad indi əvvəlki mövqeyini bərpa etməyə çalışır. Bağdad sakinləri deyirlər ki, yaxın 2-3 ildə şəhəri tanımaq mümkün olmayacaq. Bağdadın yenidən qurulmasına türk şirkətləri cəlb olunub. İri tikinti layihələrinə start verilib. Şəhərdə hündür mərtəbəli iri ticarət mərkəzləri tikilib. Ölkəyə əsasən Türkiyədən, Çindən və müəyyən qədər Suriyadan mal və məhsullar gətirilir. Qiymətlərə gəlincə, Azərbaycanla müqayisədə ucuz sayıla bilər. Xüsusilə ərzaq məhsulları xeyli ucuzdur.
***
İŞİD-in əsasən turkmanların yaşadığı İraqın Təlafər şəhərində son istinadgahı Ayaziyye kəndi olub. O Ayaziyə ki, orada İŞİD təhlükəsi hələ də qalır. Ərazidə İŞİD yaraqlılarının olduğu ehtimal edilən təxminən 70 quyu var ki, onların harda başlayıb, harada bitməsi bəlli deyil. Bu barədə növbəti reportajda...
Pərvanə Sultanova
Bakı-Bağdad-Bakı