GİN və Fransa səfirliyi gənclər üçün seminar təşkil edib
Gənclər və İdman Nazirliyinin Parisin Sorbon Universiteti ilə birgə təşkil etdiyi seminar qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
1news.az-ın məlumatına görə, mərasimdə Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez də iştirak edib.
Gənclər və idman naziri Azad Rəhimov layihənin ölkəmiz, xüsusən də gənclər üçün çox vacib bir layihə olduğunu bildirərək qeyd edib ki, uğur qazanmaq istəyən hər bir gənc üçün dünyanın nüfuzlu təhsil müəssisələrinin nailiyyətləri ilə tanış olmaq və ondan istifadə etmək çox böyük üstünlükdür:
“İnanırıq ki, bu təlimdən sonra həm gənclər təşkilatları, həm də digər qurumlar gələcəkdə bu işi daha səmərəli və yüksək səviyyədə davam etdirəcəklər”.
Azərbaycanın gənclərlə iş sahəsində dünyanın qabaqcıl ölkələrindən biri olduğunu deyən nazir gənclərə öz bilik və bacarıqlarını artırmağı və daha çox əcnəbi dil öyrənməyi tövsiyə edib.
Seminarı uğurla başa vuran iştirakçıları təbrik edən Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez sertifikata layiq görülən QHT nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzu edib.
QHT-lərin vətəndaş cəmiyyətinin inkişafında və gənclərin həyatında önəmli rol oynadıqlarını deyən xanım səfir Sorbon Universitetinin biznes məktəbinin Azərbaycanda müxtəlif istiqamətlərdə həyata keçirilən layihələrdə, xüsusən də davamlı təhsil sahəsində təlimlərin keçirilməsində fəal iştirak etdiyini və bir sıra dövlət və özəl qurumlarla tərəfdaşlıq əlaqələrinə malik olduğunu diqqətə çatdırıb.
Fransanın gənclərlə iş sahəsində böyük təcrübəyə malik olduğunu deyən O.Buşez azərbaycanlı gəncləri bu təcrübədən faydalanmağa çağırıb.
Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.
Babək Cahandarov