Mədət Quliyev: Dini ekstremistlərin aktivləşməsi cəhdlərinə qarşı səngimədən mübarizə aparılmalıdır
Moskva şəhərində MDB üzv dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 43-cü iclası keçirilib.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, iclasın işində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev iclasda çıxış edərək bildirib ki, hazırda beynəlxalq terrorçu təşkilatların fəaliyyət göstərdikləri ərazilərdə yaranmış şəraitin fonunda dini ekstremistlərin aktivləşməsi cəhdlərinə qarşı səngimədən mübarizə aparılmalıdır. General-leytenant Mədət Quliyev bu baxımdan regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhdid və hədələr barədə əldə edilmiş qabaqlayıcı əməliyyat məlumatları mübadiləsinin intensivləşdirilməsinin, həmçinin terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı səmərəli təbliğat işinin gücləndirilməsinin vacibliyini qeyd edib.
İclasda təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri üzrə aparılmış müzakirələrdə Yaxın Şərq və Orta Asiyadakı son vəziyyətə xüsusi diqqət yetirilib, yeni reallıqlar nəzərə alınmaqla MDB üzv dövlətlərin beynəlxalq terrorçuluq və ekstremizmin müxtəlif zorakı təzahürlərinə qarşı mübarizənin fəallaşdırılması və təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi edilib. Bundan başqa, SORB yanında Elmi-texniki əməkdaşlıq, İnformasiya təhlükəsizliyi, İbtidai istintaq sahəsində əməkdaşlıq, Narkotik vasitələrin və psixotrop maddələrin beynəlxalq qanunsuz dövriyyəsi ilə mübarizə üzrə komissiyaların fəaliyyətlərinin yekunları qiymətləndirilib. Eləcə də SORB-un və MDB Antiterror mərkəzinin 2018-ci il üçün fəaliyyət planları müzakirə olunub.
Rusiya Federasiyasının dövlət başçısı tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndə heyəti Rusiyanın dövlət təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.
1news.az