İslam dünyası və Qüds problemi: İstanbul bəyannaməsinin geosiyasi konteksti
Amerika Prezidentinin Qüdslə bağlı ifadə etdiyi fikirlər qlobal siyasəti silkələməkdə davam edir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ankaranın təşəbbüsü ilə İstanbulda keçirdiyi sammitdə mühüm bir sənəd qəbul edib. Təşkilat üzvləri Donald Trampın qərarını kəskin qınayaraq, öz etirazlarını bildiriblər.
Onlar Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanıdıqlarını bəyan ediblər. Üstəlik, digər dövlətləri də eyni addımı atmağa çağırıblar. Bununla da beynəlxalq səviyyədə yeni bir ziddiyyət meydana gəlib. Qüds şəhərini ABŞ İsrailin, 60-a yaxın müsəlman ölkəsi isə Fələstinin paytaxtı olaraq qəbul edirlər. Mütəxəssislər belə bir ziddiyyətin ciddi geosiyasi problemlərə yol aça biləcəyindən ehtiyatlanırlar.
Məsələyə müsəlman dövlətlərinin öz daxili münasibətləri prizmasından yanaşdıqda da maraqlı və düşündürücü məqamları görmək olur. Aydın olur ki, müsəlman ölkələrinin öz aralarında olan münasibətləri arzu olunan səviyyədə deyil. Hətta bir sıra aspektlərdə kəskin fərqlər qalmaqdadır. Belə bir şəraitdə Qüds məsələsi də daxil olmaqla, müsəlman dövlətlərinin aldıqları qərarlar nə dərəcədə reallaşa bilər? Bu kimi suallar üzərində geniş dayanmağa ehtiyac görürük.
Tarixi sənəd: Yaxın Şərqin geosiyasi mənzərəsi dəyişirmi?
Qüds məsələsi dünya siyasətini əməlli-başlı silkələyir. Çoxlu sayda dövlət ABŞ Prezidentinin qərarına etirazını bildirməkdədir. Ancaq mütəxəssislər problemin daha təsirli aspektinə diqqət yetirirlər. Əsas düşündürücü məqam dünyada sivilizasiyalar arasında münaqişənin meydana gəlmə ehtimalının artması ilə bağlıdır. Çünki artıq müsəlman ölkələri gücü bir yerə qoyub, Qüdslə bağlı yaranmış vəziyyətdən çıxış yolları axtarmağa qərar veriblər. Söhbət 60-a yaxın dövlətin bir beynəlxalq məsələdə birləşməsindən gedir.
Başlıca məsələ İslam ölkələrinin, nəhayət, bir araya gəlməsində deyil. Bu, təbii ki, bir çox aspektdən əhəmiyyətlidir. Bu birləşmə İslam dininin təməl prinsiplərinə qarşı qəsdin meydana gəlməsi fonunda baş verdiyindən, uzağa gedən təhlükələri meydana gətirə bilər. Yəni müsəlman-xristian, yaxud müsəlman-yəhudi qarşıdurması yarana bilər ki, bundan da bir sıra maraqlı dairələr yararlanmağa çalışarlar.
Biz bir qədər də konkret faktlarla vəziyyəti izah etməyə çalışacağıq. Uzun illərdir ki, Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlayır və İslama aid müqəddəs yerləri, ibadətgahları məhv edir. Məscidləri dağıdır, qəbiristanlıqları təhqir edir, tarixi-memarlıq abidələrinə, məqbərələrə, qəbirüstü abidələrə qarşı çox vəhşi davranır. İslam Əməkdaşlıq Təşkilatının Qüdslə bağlı təşkil edilən son İstanbul sammitində Prezident İlham Əliyev həmin kontekstdə çox dəqiq fikir ifadə edib. İlham Əliyev deyib: " ... Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz" (bax: İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edib / AZƏRTAC, 13 dekabr 2017).
Deməli, əslində, müsəlman ölkələrin heç də hamısı qardaş dediyi başqa müsəlman dövlətlərin həqiqi problemləri ilə maraqlanmır. Bəzən hətta Azərbaycan torpaqlarını işğal edən erməni dövləti üçün "həyat yolu" olur, onunla əməkdaşlığı gücləndirir, strateji tərəfdaşlıqdan dəm vururlar. İslam ölkələri sözün həqiqi mənasında dostluq və əməkdaşlıq etmək istəyirlərsə, hər bir müsəlman ölkəsinin üzləşdiyi haqsızlığa qarşı etirazlarını bildirməli, birgə addımlar atmalıdırlar.
Bu fikrin işığında İstanbul sammitində Qüdslə bağlı İƏT-in aldığı qərar həm sevindiricidir, həm də bir sıra məqamları yenidən gözdən keçirməyin vaxtının yetişdiyini nümayiş etdirir. Ona görə sevindiricidir ki, müasir tarixdə ilk dəfədir ki, çoxlu sayda müsəlman dövləti konkret bir məsələ ilə bağlı razılığa gələ bildi. Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və qətiyyəti sayəsində reallaşdı. İƏT üzvləri yekun bəyannamə imzalayaraq, Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanıdılar. İndi faktiki olaraq beynəlxalq hüquqda ziddiyyətli bir məqam formalaşıb. Bir qisim dövlətlər bir şəhəri İsrailin paytaxtı hesab edir, onlarla müsəlman ölkəsi isə həmin şəhəri Fələstinin paytaxtı kimi tanıyır. Bu, çox təhlükəli bir vəziyyətdir və istənilən an Yaxın Şərq müharibə alovuna bürünə bilər. Ekspertlər bununla bağlı xəbərdarlıq edirlər.
Ümidlər və risklər: İslam ölkələrinin daxili münasibətlərinin bir sıra aspekti
Əgər proseslər həmin ssenari üzrə davam etsə, bütün dünyanı bürüyən və sivilizasiyalararası münasibətləri çox dərindən laxlada bilən hadisələr baş verə bilər. Bunun kimlər üçün faydalı ola biləcəyini demək çox çətindir. Ancaq söhbət faktiki olaraq yeni dünya müharibəsinin alovlandırılmasından gedir. Təsadüfi deyil ki, Qərbdə analitiklər artıq açıq yazırlar ki, "Tramp Üçüncü dünya müharibəsinə təkan verir".
Başqa halda da mürəkkəb bir vəziyyət yarana bilər. Çünki əgər müsəlman dövlətləri sözlərində durub, Qüds məsələsini həll etməsələr, ümumiyyətlə, müsəlmanların taleyi sual altına düşmüş olur. Məsələ belədir ki, İslamın ilk qibləsi və üç müqəddəs məscidindən biri olan Əl-Aqsanın yerləşdiyi Qüds müsəlman aləmi üçün xüsusi məna kəsb edən məkandır. Onun uğrunda mübarizə aparmaq istəməyənlərin tədricən başqa dəyərlərdən də geri çəkilməsi mümkündür. Məhz buna görədir ki, Türkiyə Prezidenti deyib: "Bu gün Qüds, sabah Məkkə, ondan sonra Kəbə əldən gedə bilər". Deməli, İƏT üzvlərinin verdikləri bəyanat BMT, yaxud Avropa Şurasının qəbul etdiyi sənədlər kimi kağız üzərində qalsa, İslam aləmi ondan zərər görəcək.
Bütün bunlarla yanaşı, müsəlman dövlətlərin bir sıra dəyərləri yenidən gözdən keçirməsi tezisini də vurğulamaq gərəkdir. Çünki Qüdslə bağlı qərar avtomatik olaraq bütövlükdə müsəlman ölkələri ilə əlaqədar yaranmış münaqişələrə də münasibət bildirilməsini tələb edir. Bu sırada Dağlıq Qarabağ problemi, Arakan müsəlmanlarının başına gətirilənlər, Suriya, İraq, Əfqanıstan, Avropa ölkələrindəki müsəlmanların aqibəti və böyük dövlətlər tərkibində olan müsəlmanların taleyi çox düşündürücüdür.
Təbii ki, sadalanan məsələlər arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xüsusi yer tutur. Neçə illərdir ki, erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını işğalda saxlayır, lakin Türkiyə və Pakistandan başqa heç bir müsəlman ölkəsi bu məsələdə qətiyyətli və ardıcıl mövqe tutmur. Doğrudur, İƏT Ermənistanı işğalçı kimi tanıyıb, ondan qoşunlarını zəbt etdiyi ərazilərdən çəkməsini tələb edib. Lakin təşkilata üzv dövlətlərin heç də hamısı Ermənistana qarşı sənəddə vurğulanan ruhda mövqe tutmurlar. Belə ki, onlar Ermənistanla əməkdaşlıq edir, onunla diplomatik əlaqələri inkişaf etdirir, hətta hərbi sahədə yardımlar göstərənlər də var. Belə bir şəraitdə İƏT Dağlıq Qarabağla bağlı qəbul etdiyi sənədi necə reallaşdıra bilər?
Məsələn, İƏT-ə daxil olan bütün dövlətlər Ermənistana qarşı sanksiya tətbiq edildiyi təqdirdə, ona qoşulacaqmı? Rəsmi İrəvanın Azərbaycan torpaqlarından çıxması üçün konkret addımlar atacaqmı? Məsələ hərbi qarşıdurma səviyyəsinə çatsa, İƏT-in bütün üzvləri Azərbaycanın yanında olacaqmı? Bu suallara birmənalı cavab vermək bizim üçün çətindir. Çünki təcrübə göstərdi ki, bəzi müsəlman ölkələri nəinki Azərbaycanın yanında durmur, hətta onun düşməninə hər cür yardım edir ki, məğlub olmasın. Bu, çox təəssüfedici və düşündürücü məqamdır. İslam ölkələrinin xarici siyasətinin prioritetləri üzərində düşünməyə əsas verən faktdır.
Deməli, İstanbul sammitində Qüdslə bağlı qəbul edilən sənəd çoxlu sayda müsbət məqamlara malikdir. Bununla yanaşı, həmin sənəd müsəlman dövlətlərinin geosiyasi kontekstdə yolayrıcına gəldiklərini göstərir. O mənada ki, artıq manipulyasiya etmək, sözdə bir cür, əməldə fərqli olmaq mərhələsi arxada qalmalıdır. Əməkdaşlıq ya real olmalıdır, ya da olmayacaq. Süni olaraq dost qalmaq müddəti bitib. Gözləmək olar ki, müsəlman dövlətləri bu barədə ciddi düşünəcəklər. Fələstinlə yanaşı, ümumən bütün müsəlman ölkələrinə qarşı olan haqsızlıqla mübarizə aparacaqlar. Məhz o halda sözün həqiqi mənasında Qüds Fələstinin paytaxtı olacaq!
Bütün bunlardan çıxarıla bilən başqa vacib nəticə Türkiyənin İslam dünyasının lideri halına gəldiyinin təsdiqlənməsi ilə bağlıdır. Məhz Ankara Qüds məsələsinə görə çox fəallıq göstərməkdədir və eyni zamanda, konkret addımlar atmaqdadır. Digər tərəfdən, Azərbaycan da İƏT tərkibində kifayət qədər fəal mövqe tutur. İki türk dövlətinin müsəlman aləminin aparıcı gücünə çevrilməsi tarixi əhəmiyyətli hadisədir. Bəlkə də uzaq perspektiv baxımından İslam Əməkdaşlıq Təşkilatının son İstanbul sammitinin ən vacib məqamlarından biri bundan ibarətdir.
Newtimes.az