Mübariz Əhmədoğlu: Şarmazanovun son fikirləri həyasızlıq və yalanın erməni hakim elitasında simbioz yaşadığının göstəricisidir
Ermənistan parlamentin vitse-spikeri, hakim Pespublika partiyasının mətbuat xidmətinin rəhbəri E.Şarmazanovun son fikirləri həyasızlıq, savadsızlıq və yalanın erməni hakim elitasında simbioz yaşadığının göstəricisidir:
I. Azərbaycan və Türkiyə hələ başa düşməyiblər ki, Qarabağ vətəndaşları Azərbaycandan deyil, SSRİ-dən müstəqil olublar.
Milli siyasətin təkmil olduğu SSRİ-də milli- dövlət quruluşu 5 iyerarxiyadan ibarət idi:
ı. Mədəni muxtariyyət
ıı. Milli mahal
ııı. Muxtar vilayət
ıv. Muxtar respublika
v. Müttəfiq respublika
SSRİ dövründə yalnız 15 müttəfiq respublikanın formal da olsa ayrılmaq hüququ var idi. Müttəfiq respublikaların tərkibində olan hətta muxtar respublikaların elə hüququna eyham yox idi. DQMV Azərbaycan SSR-nin tərkibində muxtar respublika da deyil, muxtar vilayət idi.
II. “Ermənistan və “Artsaxa” (Dağlıq Qarabağ) yersiz ittihamlar əvəzinə, Azərbaycan təmsilçiləri Azərbaycan haqqında beynəlxalq məruzələri oxusunlar. “Artsax” (Dağlıq Qarabağ) vətəndaşları demokratik azad və suveren respublika qururlar”.
2009-cu ilin iyulun 10-dan etibarən ATƏT MQ adından təxminən 13 sənəd açıqlanıb. Bunların heç birində “Artsax”, “Dağlıq Qarabağ xalqı”, “Dağlıq Qarabağ ermənisi”, “Dağlıq Qarabağ respublikası” terminləri yoxdur.
III. Baltikyanı dövlətlərə səfər edən Ermənistan parlamentinin vitse-spikeri, parlamentdə Ermənistan-Litva, Latviya, Estoniya dostluq qrupunun rəhbəri E.Şarmazanov bu dövlətlərin Dağlıq Qarabağla əlaqəli mövqeyini dəyişməyə cəhd etdi. Eyni zamanda “erməni soyqırımının” Latviya və Estoniya tərəfindən tanınmasına dair ciddi tələblər ortalığa qoydu. Yalnız Litva “erməni soyqırımını” tanıyır. E.Şarmazanova görə Baltikyanı dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü tanıması Aİ və ATƏT-ə ziddir.
Son iki bəyanat Aİ-nin Brüssel sammitindən sonra verilib. Aİ-nin Brüssel sammiti “Şərq Tərəfdaşlığı” layihəsinin üzv dövlətlərinin ərazi bütövlüyünə dəstək verdi. Üzv dövlətlər ərazisindəki münaqişələrin həllinə ərazi bütövlüyü prinsipinin prioritetliyi ilə vahid yanaşma nümayiş etdirilir.
Baltikyanı dövlətlər Aİ-nin, Azərbaycan və Ermənistan “Şərq Tərəfdaşlığı” layihəsinin üzv dövlətləridir.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri