Bu gün AŞPA-nın qış sessiyası öz işinə başlayır
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının(AŞPA) qış sessiyası öz işinə başlayır.
1news.az xəbər verir ki, sessiya çərçivəsində AŞPA-nın yeni prezidenti seçiləcək, Büro və Daimi komitənin illik hesabatları təqdim olunacaq. Avropa Şurasının Baş katibi və İnsan hüquqları üzrə komissarı 2017-ci ildə görülən işlərlə bağlı məruzə edəcəklər. Təşkilatın Nazirlər Komitəsinin fəaliyyəti barədə hesabat veriləcək.
Toplantıda Avropada regional və milli azlıqların dillərinin qorunması, Ukraynadakı vəziyyətin humanitar nəticələri, müasir idman idarəçiliyi, 2017-ci ildə Assambleyada monitorinq prosedurunun təkmilləşdirilməsi, İrlandiya, Macarıstan, Yunanıstan, Estoniya, Bosniya və Herseqovina tərəfindən öhdəliklərin yerinə yetirilməsi məsələlərinə baxılacaq.
Assambleyda Danimarka şahzadəsi, Avstriya prezidenti Aleksandr van der Bellen çıxış edəcəklər. Yanvarın 24-də isə Ermənistan prezidenti Serj Sarkisyan sessiyada çıxış edəcək, daha sonra AŞPA deputatlarının suallarını cavablandıracaq.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti yenilənmiş tərkibdə qurumun qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər edib.
Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.
P.Sultanova