Səməd Seyidov: Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün yeni imkan qazandıq
AŞPA-da seçkilər nəticəsində əldə etdiyimiz uğur Avropa Şurasının Bürosu və Assambleyasında iclaslara sədrlik edərək ölkəmizin səsinin daha yüksək tribunalardan eşidilməsinə yeni imkan yaradır. Bu uğurumuz Prezident İlham Əliyevin müdrik xarici siyasətinin nəticəsidir.
1news.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində yenidən AŞPA-nın vitse-prezidenti vəzifəsinə seçilmiş Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Azərbaycanın Avropa Şurası, onun Parlament Assambleyasında daim fəal iştirak etdiyini vurğulayan S.Seyidov deyib: “Müxtəlif mülahizələr var idi ki, Azərbaycan AŞPA-da müxtəlif problemlərlə qarşılaşacaq, amma dövlətimizin başçısının apardığı siyasət sayəsində nümayəndə heyətimiz Avropa strukturlarında və bu gün AŞPA-da ən yüksək tribunanı qazanmaq imkanı əldə etdi. Bu imkan bizə Azərbaycanın maraqlarını, onun ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatları ən yüksək səviyyədə çatdırmaq imkanı yaradır.
Qış sessiyasına rotasiya prinsipi əsasında yenilənmiş nümayəndə heyəti ilə gəlmişik. Müxtəlif partiyaları təmsil edən deputatlarımız artıq öz fəaliyyətləri ilə Milli Məclisdə fərqlənirlər. Nümayəndə heyətimizin səlahiyyətləri AŞPA-da yekdilliklə qəbul olunub və onlar qurumun tam səlahiyyətli üzvləridir. Bu, bir daha göstərir ki, deputatlarımız bu qurumda çox fəaldırlar. Onlardan bəziləri komitə və alt komitə sədri, ölkələr üzrə məruzəçi olublar. Qiş sessiyasında deputatlarımız Sevinc Fətəliyeva və Vüsal Hüseynov çox vacib məsələlərlə bağlı məruzə hazırlayıblar. Dağlıq Qarabağ icmasının üzvü olan nümayəndəmiz qurumda müxtəlif görüşlər keçirib, əlaqələr yaradıb.
AŞPA 2 il qurumun ən çətin komitələrindən biri olan qaçqınlar və məcburi köçkünlərlə bağlı komitəyə sədrlik edən Sahibə Qafarovaya xüsusi təşəkkür məktubu ünvanlayıb. Ümumiyyətlə, hansı partiyanı təmsil etmələrindən asılı olmayaraq deputatlarımız Azərbaycan həqiqətləri, xüsusilə Dağlıq Qarabağ münaqişəsi, ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər barədə AŞPA üzvlərini məlumatlandırırlar. Ermənistan prezidenti AŞPA-da çıxış edəcək. Bu fürsətdən istifadə edib onun da qarşısında lazımi məsələləri qaldıracağıq. Biz haqq yolundayıq, ölkəmizin və xalqımızın maraqlarını müdafiə edən yoldayıq. Fikrimizi və mülahizələrimizi ən yüksək səviyyədə çatdırmaq iqtidarındayıq və çatdıracağıq”.
1news.az