Turistlər 4 steykə görə 1100 avro hesab ödəyiblər
İtaliyanın Venesiya şəhərindəki restoranda 4 steyk və bir qab qızardılmış balığa görə yaponiyalı turistlərə 1100 avroluq hesab təqdim edilib.
1news.az bbc-yə istinadla xəbər verir ki, bu hadisə şəhər merinin hiddətinə səbəb olub.
Hadisə Müqəddəs Mark meydanında yerləşən restoranda baş verib. Yaponiyalı tələbələrinə verilən hesabda yeməklərdən başqa adi su və xidmət haqqı olub. Bununla bağlı turistlər şikayət ediblər.
Bu arada tələbələrin 3 rəfiqəsi başqa restorana baş çəkib. Lakin orada da qiymət ucuz olmayıb. Yaponiyalı xanımlar dəniz məmulatları ilə pastaya 350 avro ödəyiblər.
"Biz nəyin baş verdiyini ətraflı araşdırıb, şikayətlərin nə dərəcədə haqlı olduğunu öyrənəcəyik. Əgər bu rüsvayçılıq doğrudan da baş veribsə, əlimizdən gələni edəcəyik ki, təqsirkarlar cəzalandırılsın. Biz həmişə ədalət tərəfindəyik!", deyə şəhər meri Luigi Brugnaro bildirib.
Yaponiyalı turistlərin şikayətini şəhər sakinlərinin "Gruppo 25 Aprile" təşkilatından Marco Gasparinetti dəstəkləyib.
Yerli mətbuat konkret adlar çəkməsə də, sahibi çinli olduğu restoranın misirli tərəfindən idarə olunduğu yazır.
Gasparinettinin sözlərinə görə, Müqəddəs Mark meydanı ətrafında yerli sakinlərə məxsus restoranların sayı yalnız 11 faiz təşkil edir. Tarixi məhəllələrdə isə bu rəqəm 50 faiz ətrafındadır.
"Gruppo 25 Aprile" yaponiyalı turistlərin düşdüyü vəziyyətdən yayınmaq üçün öz məsləhətlərilə paylaşacağını bildirir.
1news.az