Almaniya Türkiyə ilə tank razılaşmasını dondurub
Almaniya hökuməti Türkiyə ordusunun sərəncamında olan “Leopard” tanklarının modernləşdirilməsi ilə bağlı razılaşmanı dondurub.
1news.az xəbər verir ki, bu barədə “Der Spiegel” dərgisi məlumat yayıb. Məlumata əsasən baş nazir Angela Merkel və xarici işlər naziri Ziqmar Qabriel bu gün keçirdikləri görüşdə məsələni müzakirə ediblər. Onlar bu məsələni yeni qurulacaq hökumətə həvalə etməyi qərara alıblar.
Almaniya hökumətinin sözçüsü xəbəri təsdiqləyib.
Xatırladaq ki, Türkiyə ordusunun istifadə etdiyi, Almaniya istehsalı olan “Leopard” tanklarının modernləşdirilməsi ilə bağlı bu ölkə hökuməti ilə Türkiyə arasında razılıq əldə edilib. Ötən il iki ölkə arasındakı siyasi gərginliklə əlaqədar bu razılaşma dondurulmuş, lakin ötən həftələrdə gərginliyin azalmasından sonra yenidən həyata keçiriləcəyi açıqlanmışdı. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində hərbi əməliyyata başlamasından sonra Almaniya mediasında bu əməliyyatda alman tanklarından istifadə olunması ilə əlaqədar Merkel hökumətinin ünvanına tənqidlər səslənirdi.
1news.az