İndoneziya və Pakistan əməkdaşlığında yeni mərhələ - FOTO
İndoneziya prezidenti Coko Vidodo Pakistana səfəri zamanı iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq haqqında razılaşmalar əldə edilib.
1news.az xəbər verir ki, hava limanında indoneziyalı həmkarını Pakistan prezidenti Məmnun Hüseyn özü qarşılayıb.
İndoneziya prezidentinin səfərinin proqramında Pakistanın Baş naziri Şahid Xaqan Abbasi ilə görüş, parlamentdə çıxış, hərbi hava bazasını ziyarət və digər görüşlər daxil olub.
Qarşılanma mərasimindən sonra tərəflər arasında təkbətək görüş olub. Tərəflər arasında enerji və ticarət sahəsində anlaşma memorandumu imzalanıb.
Prezident Vidodo İslamabadda Nur Xan hava bazasında da olub, döyüş təyyarəsini sınaqdan keçirib. Həmçinin, Pakistan parlamentində çıxış edib. O bildirib ki, əlli beş il sonra, İndoneziya prezidenti yenidən Pakistan parlamenti qarşısında danışmaq şərəfinə nail olur: "Mən bu fürsətdən istifadə edərək, dünyada sülh və rifah üçün əməkdaşlığı genişləndirmək istərdim.
Hər iki ölkə eyni dərəcədə Asiya-Afrika Konfransının təşəbbüskarıdır və ölkələrimiz Fələstin xalqının müxtəlif forumlarda mübarizələrinə davamlı şəkildə kömək edir. Mən əminəm ki, bu baxış müxtəlif sahələrdə əməkdaşlığa çevrilə bilər".
Cənab Vidodo əmin olduğunu bildirib ki, Pakistana bu dövlət səfəri hər iki ölkənin əməkdaşlığını və dostluğunu gücləndirəcək. Bu məqsədlə, prezident üç ikitərəfli məsələni vurğulayıb. Bunlar iqtisadi əməkdaşlıq, cəmiyyətlərarası əlaqələr və Fələstin üçün əməkdaşlıqdır.
Vurğulanıb ki, İndoneziya və Pakistan arasında çoxsaylı bənzərlik var, hər iki ölkə böyük müsəlman dövlətləridir, İKT-nin üzvüdürlər, Asiya-Afrika Konfransının təşəbbüskarıdırlar və demokratik ölkələrdir:
"Pakistan müsəlmanların evi olduğu kimi, İndoneziya da hinduslara, katoliklərə, xristianlara, buddistlərə və başqalarına ev sahibliyi edir. İndoneziya çoxmillətli ölkədir".
İndoneziyanın dövlət başçısı deyib ki, ölkəsində sabitlik demokratiya sayəsində davam etdirilir. Demokratiya nəticəsində ölkə inkişaf edir, illik artım 5 faizdən çox təşkil edir, İndoneziya dünyanın ən böyük iqtisadiyyatına sahib 20 ölkədən biridir.
"Prezident kimi mən çox inanıram ki, demokratiya cəmiyyətimizin mənafelərinə xidmət edən ən münasib üsuldur, Demokratiya qərar qəbuletmə prosesində insanlar üçün məknı təmin edir. Bizim iqtisadi inkişafımızdan bütün xalqımız faydalanır. İndoneziyada ədalətli inkişaf prioritet olaraq davam edir", prezident vurğulayıb.
P.Sultanova