Meksika səfiri Mərkəzi Seçki Komissiyasında olub
Fevralın 1-də Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Mərkəzi Seçki Komissiyasının(MSK) sədri Məzahir Pənahovla görüşüb.
1news.az-a səfirlikdən verilən məlumata görə, görüşdə səfir Labardini Milli Seçki İnstitutunun fəaliyyəti və funksiyaları haqda geniş məlumat təqdim edib.
Həmçinin, statistik göstəricilər və Meksikada növbəti seçkilər zamanı həyata keçiriləcək prosedurların bəzi spesifik detallarından danışıb. Qeyd edib ki, Milli Seçki İnstitutu bir sıra xarici ölkələrlə öz təcrübəni bölüşüb və onlara seçkilərin keçirilməsi üçün düzgün seçki mexanizmin qurulmasına dair məsləhətlər verib.
Komissiya sədri öz növbəsində, rəhbərlik etdiyi qurumun strukturu və funksiyalarından danışıb. Komissiyanın müxtəlif beynəlxalq qurumlarla olan əməkdaşlıq əlaqələrini vurğulayıb. Eyni zamanda üçüncü ölkələrdə qeyd olunan beynəlxalq tədbirlər çərçivəsində bəzi ikitərəfli görüşlərin təşkil olunması ehtimalına toxunub.
Tərəflər son illər ərzində Meksika ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsini məmnunluqla qeyd ediblər.
P.Sultanova