Avropa Parlamentində “Azərbaycanın Dostları” qrupu təsis edilib – FOTO
Azərbaycan Respublikası Milli Məclisinin Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi (PƏK) üzrə nümayəndə heyəti Avropa Parlamentində (AP) səfərdədir.
1news.az-ın məlumatına görə, səfər çərçivəsində Aİ-Azərbaycan PƏK-in həmsədri Cavanşir Feyziyev, PƏK üzvləri - millət vəkilləri Azər Kərimli, Sahibə Qafarova, Çingiz Qənizadə və Elman Nəsirovdan ibarət nümayəndə heyəti AP-nin bir sıra üzvləri ilə görüşlər keçirmiş və fikir mübadiləsi aparıblar.
AP üzvləri 2016-cı ilin sonunda Avropa parlamenti ilə Milli Məclisarasında münasibətlərin bərpa olunmasından sonra əlaqələrin daha da inkişaf etdirilməsi və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan fəaliyyətdən məmnun olduqlarını bildirib, münasibətlərin daha da yaxınlaşdırılması üçün qarşılıqlı rəsmi və işgüzar səfərlərin əhəmiyyətini vurğulayıblar.
Milli Məclisnümayəndə heyətinin üzvləri öz həmkarlarını regionda və xüsusilə Azərbaycanda mövcud durumla bağlı məlumatlandırılıb, bu il Azərbaycanda Respublika quruculuğunun və Şərqdə - müsəlman dünyasında ilk Parlament Respublikasının yaradılmasının 100 illiyi ilə bağlı ölkə prezidentinin imzaladığı Sərəncam haqqında məlumat verib və bu münasibətlə ölkəmizdə silsilə tədbirlərin həyata keçiriləcəyini öz həmkarlarının diqqətinə çatdırıb, həm qarşıdan gələn prezident seçkilərində və həm də ilboyu keçiriləcək digər tədbirlərdə iştirak etmək üçün onları Azərbaycana dəvət ediblər.
Fevralın 7-də Strasburqda Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev və AP-nin Latviyadan olan üzvü Andrey Mamikinsin birgə dəvəti ilə Avropa Parlamentində “Azərbaycanın Dostları” qrupunun təsis olunması ilə bağlı rəsmi ziyafət təşkil edilib. 50 nəfərin iştirak etdiyi rəsmi ziyafətdə parlament nümayəndə heyətimizin üzvləri, Azərbaycan Respublikasının Aİ-dakı səfiri Fuad İsgəndərov, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubov, həmçinin Avropa Parlamentinin 40-a yaxın üzvü iştirak edib.
Rəsmi ziyafəti giriş sözü ilə açan PƏK-nin həmsədri Cavanşir Feyziyev 2017-ci ildə Milli Məclis ilə AP arasında münasibətlərdə ciddi irəliləyişlərin əldə edildiyini, əməkdaşlığın daha da genişləndiyini və Azərbaycan parlamentinin bu tendensiyanı 2018-ci ildə də davam etdirmək əzmində olduğunu diqqətə çatdırıb.
Cavanşir Feyziyev qeyd edib ki, “Azərbaycanın Avropaya, Avropanın isə Azərbaycana ehtiyacı vardır və münasibətlərimizə zərər vermək istəyənlər nə Azərbaycanın, nə də Avropanın maraqlarına xidmət edir. Azərbaycan və Avropanın bir-birinə qarşılıqlı ehtiyacını dərk edən və münasibətlərimizin inkişafına əhəmiyyət verən siyasətçilərin öz güclərini birləşdirməsi və Avropa ilə Azərbaycanın daha da yaxınlaşması üçün təşkilatlanmış halda fəaliyyət göstərməsi daha faydalı ola bilər. Məhz buna görə də fərqli siyasi qrupları və siyasi baxışları təmsil etmələrinə baxmayaraq, Avropa-Azərbaycan dostluğu naminə bir masa ətrafına əyləşən dostlarımızı daha mütəşəkkil fəaliyyət göstərməyə çağırıram”.
Daha sonra AP-nin Latviyadan olan üzvü Andrey Mamikins çıxış edərək AP-də “Azərbaycanın Dostları Klubu”nun təsis olunmasını təklif etmiş və belə bir klubun Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsinə böyük töhfə verəcəyinə ümid etdiyini bildirib. A. Mamikins deyib: “Bu ölkə güclü dəstəyə layiqdir. Bu gün biz burada Azərbaycanın dostları olaraq sözügedən qurumun rəsmi olaraq təsis edildiyini elan etmək üçün yığışmışıq. Mən burada AP-də mövcud olan bütün siyasi qrupların təmsilçilərini görürəm və bu çox sevindirici haldır. Azərbaycana dost münasibətlərimiz bir-birindən fərqli düşünən həmkarlarımızı bir araya gətirib. Bu, məhz belə olmalı idi. Çünki Azərbaycan Avropanın vacib bir hissəsidir. Avropanı Azərbaycansız, Azərbaycanı isə Avropasız təsəvvür etmək mümkün deyil, bunu bilməli və öz fəaliyyətimizi də buna uyğun qurmalıyıq”.
Rəsmi ziyafətdə iştirak edən digər qonaqlar – Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, AP-nin çexiyalı üzvü Yan Zahradil, AP-nin Xarici əlaqələr komitəsinin üzvü, AP-nin sloveniyalı üzvü İvo Vayql, AP-nin vitse-prezidenti, AP-nin finlandiyalı üzvü Heydi Hautala, AP-nin İtaliyadan olan keçmiş üzvü, Xarici əlaqələr komitəsinin keçmiş sədr müavini Fiorello Provera və Azərbaycanın Avropa İttifaqındakı səfiri Fuad İsgəndərov çıxışlar ediblər.
Sonda millət vəkili Cavanşir Feyziyev bir daha ziyafətə qatılmış bütün qonaqlara Azərbaycan Respublikası Milli Məclisi və onun nümayəndə heyəti adından təşəkkür edib, Avropa Parlamentində “Azərbaycanın Dostları” qrupunun təsis edildiyini rəsmən elan edib, yeni yaranan qrupa üzvlüyün Azərbaycana siyasi və mənəvi dəstək vermək arzusunda olan bütün AP üzvləri üçün açıq olduğunu bildirib.
Millət vəkili növbəti mərhələdə üzvlər arasında müvafiq məsləhətləşmələr aparılacağını və tezliklə qrupun həmsədrlərinin seçiləcəyini, baş katibin təyin ediləcəyini və rəsmi internet səhifəsinin təqdim ediləcəyini də ziyafət iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan Respublikası Milli Məclisinin Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi üzrə nümayəndə heyətinin Avropa Parlamentinə səfəri başa çatıb.
1news.az