VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar
“Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları fevralın 17-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən 1news.az-a verilən məlumata görə, burada Qış Məktəbinin iştirakçılarının BBMM-in Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfovla görüşü olub.
BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov deyib ki, VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları bu günlər ərzində Azərbaycanın qədim tarixi, mədəniyyəti, siyasəti haqqında dolğun məlumatlar əldə edib, ölkəmizdəki multikultural mühitlə yaxından tanış olublar. Layihə iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, Qafqaz Müsəlmanları İdarəsində olub, həmçinin ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri ilə görüşüblər.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib ki, müasir dövrdə Azərbaycan multikulturalizmin əsas mərkəzlərindən biridir. Bu gün Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Azərbaycan əsrlər boyu multikultural, tolerant ölkə olub. Burada milli azlıqların etnik-mədəni dəyərləri daim qorunub, dövlət tərəfindən bu istiqamətdə mühüm işlər görülüb. Azərbaycanın multikulturalizm siyasəti ölkədəki milli azlıqların sosial, iqtisadi və mədəni məsələlərinin həllində mühüm rol oynayır. Bu layihənin iştirakçılarının Azərbaycan multikulturalizminə olan marağı onları buraya gətirib. Onlar Azərbaycan haqqında nəzəri biliklərini praktik biliklərlə artırırlar.
BBMM-in Himayəçilik Şurasının sədri Kamal Abdulla bildirib ki, bu layihə vasitəsilə dünyanın müxtəlif ölkələrindən olan gənclər bir araya toplaşaraq Azərbaycan haqqında biliklərini möhkəmləndirir, ölkəmizdəki multikultural, tolerant mühitlə yaxından tanış olur, həmyaşıdları ilə ünsiyyətdə olurlar. BBMM-in 8 ölkədə filialı var. Yay və qış məktəbləri dünyanın 18, Azərbaycanın isə 38 ali təhsil ocağında Azərbaycan multikulturalizmi fənnini öyrənən gənclərin nəzəri şəkildə öyrəndiklərini ölkəmizdə öz gözləri ilə görmələrinə şərait yaradır.
Kamal Abdulla, həmçinin Azərbaycanın Gənc Dostları Klubunun iki yeni həmsədrini - portuqaliyalı Joao Enrikeni və almaniyalı Kristin Bossaueri təqdim edib. Onlar VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarıdır.
Sonra layihə iştirakçıları Azərbaycanla bağlı təəssüratlarını bölüşüblər. Azərbaycanda gördüklərinin onlarda böyük maraq doğurduğunu və yaddaşlarında silinməz iz buraxdığını deyən Qış Məktəbinin iştirakçıları ölkəmizə yenidən qayıtmaq arzusunda olduqlarını qeyd ediblər. Onlar Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndiriblər.
Daha sonra tədbir iştirakçıları Azərbaycanın Gənc Dostları Klubunun ölkəmiz haqqında hazırladıqları filmə baxıblar.
Xatırladaq ki, Beynəlxalq Multikulturalizm yay və qış məktəbləri Prezident İlham Əliyevin tövsiyəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
VI Beynəlxalq Multikulturalizm Qış Məktəbində 16 ölkənin - Azərbaycan, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya və Ukraynanın aparıcı universitetlərindən 30-a yaxın tələbə iştirak edir.
1news.az