Elmar Məmmədyarov: “Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq qurulmalıdır”
Nazir Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan vəAvropa İttifaqı arasında münasibətlərin hazırkı durumu ətrafında müzakirələr aparılıb və əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Avropa İttifaqı və Azərbaycan arasında enerji sektoru ilə bərabər, təhlükəsizlik və nəqliyyat sahəsində dialoq mexanizminin yaradılması əməkdaşlığın inkişafında mühüm addım kimi qiymətləndirilib. Tərəflər Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə aparılan danışıqlara toxunublar.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin mövcud vəziyyəti barədə qonağı məlumatlandıran E. Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bildirib.
E. Məmmədyarov münaqişənin həlli prosesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun qurulmasının vacibliyini qeyd edib və Ermənistanın hər vəchlə bu kimi təşəbbüslərə qarşı çıxdığını deyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1news.az