Azərbaycan XİN və Baş Prokurorluq Sumqayıt hadisələri ilə bağlı birgə bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN və Baş Prokurorluq Sumqayıt hadisələri ilə bağlı birgə bəyanat yayıb

11:02 - 22 / 02 / 2018
Azərbaycan XİN və Baş Prokurorluq Sumqayıt hadisələri ilə bağlı birgə bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu 1988-ci il Sumqayıt ixtişaşları ilə əlaqədar birgə bəyanat yayıb.

1news.az xəbər verir ki,  birgə bəyanatda deyilir: “1980-ci illərin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirməyə cəhd göstərərək zorakılıq əməllərinə, terrora, etnik zəmində təxribatlara və hərbi gücdən istifadəyə əl atdı. Bu zorakılıq əməlləri Azərbaycanın Dağlıq Qarabağ regionu və Ermənistan ərazisində yaşayan köklü Azərbaycan əhalisinə qarşı hücumlarla başlayaraq, 1991-ci ildən Ermənistanın Azərbaycana qarşı açıq hərbi təcavüzü ilə davam etdi, minlərlə azərbaycanlı mülki əhalinin öldürülməsi, bir milyondan artıq azərbaycanlının Ermənistan ərazisində və işğal olunmuş Azərbaycan ərazilərində qanlı etnik təmizləməyə məruz qalması, işğal olunmuş ərazilərin talan edilməsi ilə nəticələndi.

Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını, Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni işğalçılıq və anneksiya siyasətini və bu məqsədə nail olmaq üçün zorakı metodlarını “əsaslandırmaq” üçün anti-Azərbaycan kampaniya həyata keçirən Ermənistan rəhbərliyi,  erməni şovinist ideoloqları və ekstremist təşkilatları 80-ci illərin sonlarında Azərbaycanın müxtəlif regionlarında etnik zəmində qarşıdırma planlaşdırır və həyata keçirirdilər.

1988-ci ilin fevralında Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi.

Bakının 30 kilometrliyində yerləşən, on beşdən artıq müxtəlif millətin yaşadığı Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258.000 nəfər təşkil edirdi və bunun təqribən 18.000-ni etnik ermənilər idi. 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmamış və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çox konfessiyalı xüsusiyyətini saxlamaqdadır.

1988-ci ilin 26 fevralında Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Dağlıq Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutuldu. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edildi.

İğtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi başlandı, xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilmiş 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradıldı. SSRİ Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü müəyyən edildi, məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, 1 nəfər isə ölüm hökmünə məhkum olundi.

Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmiş istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri müəyyən edilmədi.

Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi və Azərbaycan Respublikası Baş prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparilaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi və istintaqın aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, daxili işlər nazirliyi və dövlət təhlükəsizlik xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edildi.

Hazırkı istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub. SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyi dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atmışlar.

Həmin təxribatın törədilməsində SSRİ DTK-nın məqsədi SSRİ-nin əyalətlərində vəziyyəti gərginləşdirərək güclənən mərkəzdənqaçma meyllərini dayandırmaq, sərt repressiya metodlara əl atmağa bəraət qazandırmaq və güclü mərkəzi Sovet hakimiyyəti olmadan Sovet respublikalarının müstəqil yaşaya bilməyəcəklərini nümayiş etdirmək olmuşdur. Sumqayıt hadisələrinə bənzər iğtişaş və təxribatlar DTK tərəfindən Oş (Qırğızıstan), Fərqanə (Özbəkistan), Tbilisi (Gürcüstan), Vilnüs (Litva) və digər ərazilərdə təşkil olunmuşdu.

Hadisələr ərəfəsində və hadisələr baş verən gün Sumqayıt şəhərində və ətrafında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və ordu birləşmələrinin kifayət qədər canlı qüvvəsi  və texnikası olsa da, onlar tərəfindən vəziyyətin nəzarət altına alınması üçün vaxtında qabaqlayıcı tədbirlər görülməyib.

Evlərə basqın və digər zorakılıq hərəkətləri əvvəlcədən hazırlanmış siyahı və xüsusi plan əsasında əslən erməni olan Sumqayıt şəhər sakini, dəfələrlə məhkum olunmuş Eduard Qriqoryanın bilavasitə rəhbərliyi və göstərişləri üzrə həyata keçirilmiş, hücumlara məruz qalan ermənilər isə Dağlıq Qarabağın Azərbaycandan ayrılması məqsədini güdən gizli “Krunk” və “Karabakh” komitələrinə ianə verməkdən imtina edən şəxslər olmuşlar.

İğtişaşlarda E.Qriqoryan ermənilərə qarşı xüsusi qəddarlığı ilə seçilmiş, zorlamaya məruz qoyduğu erməni Məjlumyan bacıları tərəfindən istintaq zamanı qəti olaraq tanınmışdır. Məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən E.Qriqoryan SSRİ dağılandan sonra Ermənistanın həbsxanasına köçürülüb və oradan da dərhal müəmmalı şəkildə azadlığa buraxılıb. Hazırda istintaqı aparılan cinayət işi üzrə ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, qrup halında zorlama və digər ağır cinayətləri törətməkdə təqsirləndirilən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilmiş E.Qriqoryanın faktiki yaşadığı ünvanın operativ kanallarla müəyyən olunmasına və ictimaiyyətə bu barədə məlumat verilməsinə baxmayaraq, o, Ermənistanın xüsusi xidmət orqanlarının himayəsi altında üçüncü ölkənin ərazisində  azadlıqda yaşamaqda davam edir.

Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq, daha geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilmişdir.

SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə foto-video çəkilişi aparılmış və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılmışdır.

Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib.

Hazırda qeyd olunan iğtişaşların bütün sifarişçisi və iştirakçılarının aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunması, eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində kompleks istintaq-əməliyyat  tədbirləri davam etdirilir.

1news.az

 

 

Paylaş:
573

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər